Təbiət

Kaftar

Kaftar - yırtıcı məməli heyvan növüdür. Görkəmcə itə oxşasada bir çox cəhətlərinə görə ondan fərqlənir. Çiyin-boyun nahiyəsində at yalına bənzər uzun, cod tükləri var. Pəncələri iridir, enli və əyri caynaqlara məxsusdur. Kaftarlar üçün xarakterik xüsusiyyət arxa ayaqlarının qabaq ayaqlara nisbətən qısa olmasıdır. Bədəninin uzunluğu 110-120 sm, quyruğunun uzunluğu isə 30 sm- dir. Kütləsi 30-39 kq olur. Bədəni qısa, quyruğu uzun, qulaqları böyükdür. Çənəsi çox güclü və itidir.


Yaşayış yerləri əsasən alçaq dağlıq ərazilər, təpəli düzənliklər, ardıc və saqqız seyrəkmeşəliyi, quraq yüksəkdağ yaylalarıdır. Əsasən ölü heyvan cəsədləri, digər yırtıcıların qida qalıqları, heyvandarlıq təsərrüfatlarının tullantıları ilə qidalanır. Kiçik, xəstə və zəif heyvanlara hücum edir, həşəratla, müxtəlif ot bitkiləri ilə də qidalana bilir. Kaftarlar saatlarla öz şikarını qovub onu əldən sala bilirlər. Öz sürətləri  saatda 65 km-dir. Dişi kaftarlar erkəklərdən daha böyük və aqressiv olurlar.


Erkək kaftar yuva düzəltməkdə və balaların böyüməsində iştirak edir. Balalar aprel-may aylarında dünyaya gəlir. Zolaqlı kaftarın 1 - 4, adətən 3 balası olur, uzun müddət ana südü ilə qidalanırlar. Ailə şəklində yaşayırlar. Bala kaftarlar gözləri açıq, artıq tam formalaşmış dişlərlə dünyaya gəlirlər. Alfa-dişidən doğulan balalar anaları kimi yüksək statusa malik olurlar. Bir ilədək analarıyla yuvada yaşayırlar. Sonra onlara qoşulub ova çıxırlar. Alimlər iddia edirlər ki, kaftarlar vəhşi heyvanlar içində ən qayğıkeş valideynlərdir. Aslanlardan fərqli olaraq, kaftarlar yemdən erkəkləri qovub ilk növbədə balaları qidalanmaq üçün qabağa buraxırlar. Balalarını bir ilədək yedizdirirlər və hətta sonradan birgə ova çıxmaqlarına rəğmən, yenə də öz südlərini onlardan əsirgəmirlər.


Vəhşi təbiətdə kaftarın üç növü qeydə alınmışdır: Xallı kaftar (Crocuta) cinsi, Zolaqlı kaftar (Hyaena) cinsi və Qonur kaftar (Parahyaena) cinsi.