Mədəni irsimiz

Novruz bayramı

Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir.

 

Bir sıra xalqlar ta qədimdən yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox Şərq ölkələrində baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i Beynəlxalq Novruz Günü elan edilmişdir.

 

Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır. “Novruz” – hərfi mənada “yeni gün” deməkdir. Amma ifadə etdiyi mərasim semantikasına görə keçidin bitməsi və yeni nizamın başlanğıcıdır. Novruza Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart Doqquzu, Novruz və s. də deyilmişdir. “Novruz” anlayışı bəzi deyiliş fərqlərilə bir çox türk xalqlarının dillərində işlənməkdədir. Novruz haqqında məlumatlara Ömər Xəyyamın “Novruznamə”, Nizamülmülkün “Siyasətnamə”, Nizami Gəncəvinin “İsgəndərnamə” və b. əsərlərində rast gəlirik.

 

Qədim dövrlərdə Novruz təkcə xalq bayramı kimi deyil, eyni zamanda, dövlət bayramı kimi qeyd olunmuşdur. Tarixi məlumatlara görə, Novruz bayramı bir ay davam edirdi. Novruz bayramı şənliklərində kütləvi gəzintilər, xalq oyunları, nəğmələr oxunması, məzhəkəçilərin və kəndirbazların çıxışları olurdu.