Şeirlər

Novruz səndən uludur

Abu, ataş, xaki, bad – təbiət ülvi, təmiz
İlaxır Çərşənbəylə Novruz yaranıb əkiz.
Qoşa bayram, baş bayram, milli, müqəddəs bayram,
Təbiətin doğduğu bakirə nəfəs bayram.


 
Təbiətə inamın insanda gücünə bax,
Onunçün də uludur Novruz hamıdan qabaq.
Təbiətləşir insanlar, insanlaşır təbiət,
Başa varır hər arzu, başa varır hər niyyət.


 
Hər fəslin öz anı, hər dövrün öz zamanı,
Gəlir Novruz bayramı, tutub düzü-dünyanı.
Nimçələrə düzməli, şəkərbura, paxlava
Al boyanmış yumurta, bir də səməni halva.


 
Plov üstə düzməli çay xanısı, ağ balıq-
Nəyin varsa gətir düz, olmaz varlığa darlıq.
Yemişi də yanında xurması, kişmişi var
Götür nəyi istəsən, xonçada var hər nübar.


 
Yanır rəngbərəng şamlar, niyyətlər hasil olsun,
Qulaq faılına çıxsan qəlbin xoş sözlə dolsun.
Od üstündən atlanmaq qoy çıxmasın yadından
Kimsə saxlayammasın səni bu inadından.


 
Bax, ev-eşik tər-təmiz , səliqə-sahmandı yer
Çoxlu pöhrə əkilmiş ürək istəyən qədər.
"Kosa-kosa" oyunu; qodu gəzsin, "dilənsin"
Cəmi-cümlə yığılsıın; desin, gülsün. əylənsin.


 
"İynəsalma" oyunu – bəxtin gülsün üzünə,
Oğlan nişan aparsın filankəsin qizına.
Papaq, torba atılsın qapılardan içəri, –
"Doldurmuşuq heybəni, çıx qəflətdən, gəl bəri."


 
Qara zurna, ney səsi, yallı getsin cavanlar,
Çiçək qızlar önündə qurşaq tutsun oğlanlar.
Novruz gəlir, xoş gəlir, qəlbim gəlir riqqətə
Bir dənədir, təkcədir, layiqdir hər hörmətə!


 
Aldanma sən dinçinin sözünə, əməlinə
O, yalana təşnədir, salar səni felinə.
Gəl, sən də ey şarlatan, saxla fitvanı-zadı
Novruzu bizdən edən həşiri, qərardadı.


 
Yoxsa, güman edirsən kasıblıq əyir bizi,
Vermərik əlimizdən "qətl günü" Novruzu.
Zənn eləmə, yoxsuluq, varımız-mənimizdir,
Novruz səndən uludur, Novruz dünənimizdir!