Şeirlər

Ramiz Rövşən. Bir səhər yuxudan durub

Bir səhər yuxudan durub
Özünü uşaq görəsən.
Görəsən hamı evdədi,
Ölənləri sağ görəsən.


…Qorxasan qaçıb gedələr, -
Tez qapını bağlayasan.
Geri dönüb içəridə
bir təzə qonaq görəsən.


Görəsən ki, qapqaradı
o qonaq başdan ayağa.
Ondan başqa hamısının
üst-başını ağ görəsən.


Pəncərədən içəriyə
dola, dola gün işığı.
İçəridə boş-boşuna
yanan bir çıraq görəsən.


Söndürəsən o çırağı -
hamı birdən yoxa çıxa....
Otaqda bir qara qələm,
bir də ağ vərəq görəsən