Xəbərlər

1 Aprel – Ümumdünya Gülüş Günüdür

Hər il aprel ayının 1-də Avropada və bir çox Asiya ölkələrində Gülüş Günü keçirilir. Bu gün rəsmi bayram kimi heç bir ölkənin təqviminə daxil edilməsə də, dünyanın bir çox dövlətlərində qeyd olunur. Həmin günü Böyük Britaniyada “Səfehlər günü”, Fransada isə “Aprel balığı günü” adlandırırlar. Gəlin əvvəla bu günün tarixçəsinə bir nəzər salaq. Bəzi mənbələrə görə 1 aprel zarafatının yaranması belə olub:

 

Təqribən 5 əsrlik tarixi olan Gülüş Günü ilk dəfə Fransada təşəkkül tapıb. 1564-cü ildə Fransa Kralı IX Çarles, il başlanğıcının yanvar ayının birinci günü olması barədə qərar verib. Amma bundan əvvəl də Fransada yeni ili 1 apreldə qeyd ediblər. O zamankı rabitə şərtlərində IX Çarlesin bu qərarı ölkədə çox da yayılmayıb. Məsələdən xəbərdar olanlar isə protest məqsədilə köhnə adətlərinə davam edərək, 1 apreldə şənliklər keçiriblər. Digərləri onları “aprel axmaqları” adlandırıblar. 

 


1 aprelə isə “bütün axmaqların günü” adını veriblər. Uzun illər sonra yanvarın ilk ay olmasına öyrəşiblər və 1 aprel gününü mədəniyyətlərinin bir parçası sayaraq Gülüş Günü kimi qeyd ediblər. İndi bütün dünyada 1 Aprel Ümumdünya Gülüş Günü kimi qeyd olunur. 

 


Başqa rəvayətə görə, qədim Romada 17 fevralı “Avamlar bayramı kimi” keçirirmişlər. Şərqi Hindistanda isə bu bayram martın 31-nə təsadüf edib. Rəvayətə görə, belə qeyri-adi ənənəyə təbiətin özü səbəb olub. Havanın yaz şıltaqlıqlarını əhali gülüş və zarafatlarla qarşılamaq məqsədilə bu günü özlərinə xoş ovqat yaratmaq üçün seçib. Azərbaycanda isə bu gün daha çox insanların bir-birlərini aldatması ilə müşayiət olunur. Hətta həmin gün televiziya kanallarında gedən bəzi xəbərlər, dövri nəşrlərdə dərc olunan informasiyalar da yanlış olur. Özü də bundan heç kəs incimir. Amma hamı çalışır ki, aprelin 1-i aldanmasın.