Görkəmli şəxsiyyətlər

Manaf Süleymanov

Azərbaycanlı yazıçı, nasir, tərcüməçi, Azərbaycan Respublikası Əməkdar Mədəniyyət Xadimi Manaf Süleymanov 1912-ci il martın 3-də Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub.


O, 1930-cu ildə 18 saylı Bakı şəhər məktəbini bitirdikdən sonra 1932-1937-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun Geoloji kəşfiyyat fakültəsində təhsil alıb. İnstitutu fərqlənmə diplomu ilə bitirən Manaf Süleymanov kəşfiyyatçı dağ mühəndisi diplomu ilə geoloq kimi əmək fəaliyyətinə başlayıb. Uzun müddət Qaradağ Neft-Qaz Mədənləri İdarəsində mühəndis kimi çalışıb. Sonralar doğma institutun neft-qaz yataqları geologiyası axtarışı kafedrasında assistent, dosent olub.

 

Manaf Süleymanov ingilis, fars, ərəb dillərini bilməklə yanaşı, rus dilində də yazıb yaratmışdır. Onun əsərlərinin ilk əlyazmaları Azərbaycan dilində, lakin ərəb əlifbasındadır. 

 

Ədəbi yaradıcılığa 1947-ci ildə «Azərbaycan» jurnalında dərc olunan «Yerin sirri» romanı ilə gələn Manaf Süleymanovun ən çox müraciət etdiyi mövzular fəhlə həyatı, qurub-yaradan əmək adamlarının ömür-günü idi.

 

«Dalğalar qoynunda», «Fırtına», «Zirvələr» romanlarının müəllifi kimi tanınan yazıçı dövri mətbuatda müxtəlif mövzulu məqalələri ilə də çıxış edirdi. Onun ilk yazıları «Fərəcoğlu» imzası ilə işıq üzü görüb.

 

Onun 636 saylı şəxsi fondunda məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev haqqında topladığı arxiv sənədləri, Azərbaycan klassik musiqisinin atası, məşhur musiqiçi, bəstəkar, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəyovun məktubunun surəti və s. arxiv sənədləri də qorunur.
Romanları, povestləri, ssenariləri oçerk, hekayə, xatirə və tərcümələri müəllifin arxivdəki 2-ci elmi siyahısında rəsmiləşdirilmişdir.

 

Manaf Süleymanov 2001-ci il sentyabrın 12-də Bakıda vəfat etmişdir.