Bu maraqlıdır!

Küplər vadisi

Küplər vadisi Laosun Xienq Kxuanq əyalətində dəniz səviyyəsindən 1000 m hündürlükdə yerləşir. Annam dağ silsiləsinin ətəyində hündürlüyü 1 m-dən 3,5 m-dək dəyişən, diametrləri 1 m olan yüzlərlə daş küp var. Küp və səhəng daşların ölçüsü və çəkisi tamamilə bir-birindən fərqlidir, bəziləri üç metr diametrə qədər çatır və təxminən 6 ton ağırlığında olur. Bəzi küp daşların yanında yastı disklər var, ehtimal edilir ki, bu yastı disklər məhz qapaq kimi xidmət edib. Küplərin mənşəyi, yəni kim tərəfindən, nə məqsədlə hazırlandığı məlum deyil. Yerli əhali bu küpləri “cadugərin həvəngdəstəsi” adlandırır. 3000 ilə yaxın yaşı olan küplərin hazırlandığı süxur daşları onların yerləşdiyi əraziyə xas deyil.


Küplər Vadisi ilə bağlı bir çox əfsanə və nağıl var. Yerli əhali bu torpaqlarda bir neçə yüz il əvvəl nəhənglərin yaşadığına inanır. Bu qeyri-adi daşların da məhz onlara aid olduğunu güman edirlər.


Bir başqa əfsanəyə görə, bir zamanlar hökmdar Xung Çınq, düşmənləri üzərində qələbəsini qeyd edərək, əmr etmiş ki, böyük küplər düzəldilsin və onda Lao Lao düyüsündən şərab hazırlansın.


Elmi cəhətdən daş heykəllərin mənşəyi və məqsədi ilə bağlı bir neçə nəzəriyyə var. Bəzi tədqiqatçıların fikrincə küplər qədim zamanlarda yemək və ərzağı saxlamaq məqsədilə istifadə olunurdu. Belə bir fikir də var ki, səyahətçilərə və karvanlara uzun və çətin yoldan keçməsinə kömək məqsədilə küplərin içərisinə yağış suyu yığılırdı.


Ancaq əsas nəzəriyyə odur ki, küplərdə nəhəng putalarda olduğu kimi, qədimdə ölülərin cəsədlərini yandırırlarmış.


Küplər Vadisi hələ sirli qədim sivilizasiyanın həll edilməmiş bir abidəsidir. Laos hökuməti inanır ki, bu unikal məkan YUNESKO-nun Dünya İrsi Siyahısına daxil olmağa layiqdir. Ancaq müharibədən sonra qalan bir çox raket bu bölgədə geniş miqyaslı araşdırma və turizm inkişafına mane olur.