Şeirlər

Qəşəm İsabəyli. Ərköyün

Baxın ona, beşincidir,
Gəl ki hamını incidir.
Deyir:- Ana, su tök gülə,
Köynəyimi tap, ütülə.

 

Tez ol, nənə, süz çayımı,
Yır-yığış et çarpayımı.
Ayaqqabım hanı, deyin?!
Gəzin, tapın, təmizləyin!
Çöl-bayırı, qar bürüyüb
Alın beli, cəld kürüyün!

 

Çantamı kim götürəcək,
Məktəbə kim ötürəcək?!
Baxın ona, beşincidir,
Gəl ki hamını incidir.