Bu maraqlıdır!

Heraklion-antik Misir şəhəri

1200 il əvvəl bir anda yox olmuş antik Misir şəhəri Heraklion (Heracleion) və ya Tonis, Nil çayının Kanopik deltası yaxınlığında, İsgəndəriyyə şəhərindən 32 km şimal-qərbdə yerləşir. 

 

Bu şəhər haqqında 2000-ci ilə qədər heç bir iz yox idi. Atlantis əfsanəsi kimi tarixi mifologiya və gerçəklik arasında günümüzə kimi varlığı sirr olan şəhərlərdən biri idi.  Hətta akademiklər Heraklionla Thonisin eyni şəhər olduğuna əmin deyildi, bəzi tarixçilər isə onun torpaq altında qaldığını düşünürdülər. 

 

Eyni zamanda, onun bir əfsanə olduğunu deyənlər də var idi. Ancaq ikinci adı Thonis olan şəhər 2000-ci ildə, fransız sualtı arxeoloq Frank Qoddiyo (Franck Goddio) tərəfindən Misirin qərbində, Əbukir körfəzi yaxınlığında, sahildən 2.5 km uzaqda, 10 m suyun altında tapılması onun əfsanə yox, reallıq olduğunu sübut etdi. 

 

Kəşfindən öncə şəhər haqqında məlumatlar tarixçilərin yazdığından ibarət idi. Antik tarixçilər Heradot, Diodorus və Strabon keçmişdə inkişaf etmiş Heraklion-Tonis şəhərinin inanılmaz zənginlik dövrü yaşadığından bəhs etmişlər. 


Əfsanəyə görə e.ə 331-ci ildə bu şəhər Makedoniyalı İsgəndər tərəfindən yaradılıb. Misirdə qurulan Heraklion liman şəhəri, yunan dünyasından gələn bütün gəmilər üçün məcburi bir keçid qapısı idi. Misirlilər şəhərə “Tonis”, yunanlar isə “Heraklion” deyirdilər. Kleopatranın tacqoyma mərasimi bu şəhərdə keçirilmişdir. Şəhərdə yerləşən Amon məbədi Misirdə dini əhəmiyyətə malik idi. 

 

Təxmin edilir ki, böyük zəlzələ və sellər səbəbindən şəhər qum, palçıq altına qərq olub. Arxeoloji qazıntılar zamanı tapılan çoxlu sayda gəmi qalıqları şəhərin əhəmiyyətli dəniz ticarətinə sahib olduğunu təsdiqləyir. 

 

Yunan mifologiyasında Troyalı Elena və Parisin müharibədən əvvəl bu şəhərdə əsir qaldıqlarına və Zevs ilə Alkmenanın oğlu Heraklın özünə başqa ad qoyaraq bu şəhərdə gəzdiyinə aid əfsanə də var.
Dəniz altında 11-15 km-lik arxeoloji ərazini əhatə edən Heraklion-Thonis şəhərindən 13 illik qazıntılar zamanı bir çox tapıntılar çıxarılıb. Batan şəhərin qalıqları arasında 64 gəmi, qızıl, daş və bürüncdən hazırlanmış ağırlıqlar, 16 fut böyüklüyündə nəhəng heykəllər, yüzlərlə kiçik tanrı heykəlləri, antik Yunan və Misirə aid daş döşəmələr, heyvan mumyalanmasında istifadə edilən onlarla əhəng daşından qəbirlər və gəmilər üçün 700 lövbər tapılıb.