Təbiət

Madaqaskarın yarpaqburun ilanı

Sürünənlər sinfinin qeyri-adi nümayəndələrindən biri - Madaqaskar yarpaqburun ilanıdır (Langaha madagascariensis), digər adı Madaqaskar ağac koramalıdır.


Bu heyvanın fərqli anatomik xüsusiyyəti - sifətinin xarakterik quruluşa sahib olmasıdır. Erkək ilanların burnu iynə kimi uzun olur. Dişi ilanlarda isə burun yastı və uzun, ucunda da pulcuqlar olduğu üçün yarpağa bənzəyir.


Təəssüf ki, bu ilanlarda qeyri-adi burunun hansı funksiyanı yerinə yetirdiyi hələ müəyyənləşdirilməyib. Yəqin ki, burun ciftləşmə dövründə əhəmiyyətli rol oynayır. Bəzi ekspertlər inanırlar ki, super burun körpə ilanlara yumurtadan çıxmağa kömək edir. Digər ilanlarla müqayisədə, Madaqaskar yarpaqburun ilanı 1,20 metr uzunluğunda  incə bir bədənə malikdir.


Madaqaskarın yarpaqburun ilanı yalnız Madaqaskarın tropik isti və rütubətli meşələrində yaşayır. Əsasən gecələr aktiv olurlar. Günün başqa vaxtları isə ağac budaqlarının içərisində gizlənir. Budaqların içində uzun müddət dayanaraq şikarını gözləyir. Qəhvəyi və boz rəngində olduğuna görə ilanı budaqların arasında görmək hətta mümkün deyil.


Madaqaskar yarpaqburun ilanı zəhərlidir. Sürünən kiçik heyvanları ovlayır. Əsasən qurbağa, kərtənkələ, gəmiricilər onların qida rasionunun əsasını təşkil edir. 


İnsan üçün bu ilan xüsusi təhlükəli sayılmır. İlanın dişlədiyi yerdə maksimum qızartı və şişlik meydana gəlir və hiss olunan ağrı ilan dişlədikdən 4-6 saatdan sonra keçib gedir. Bundan əlavə, bu ilanlar davakar deyildir, təhlükə anında mübarizə aparmaq əvəzinə geri çəkilirlər.