Nağıllar, hekayələr

A. S. Puşkin. Keşiş və onun işçisi Baldanın nağılı

Tərcümə edən: Mirmehdi Seyidzadə

 


Bir gicbəsər keşiş varmış,
Düşüncəsi yaman darmış.
Cürbəcür mal almaq üçün
O, bazara gəlib bir gün.
Elə bu vaxt veyil halda
Qarşısına çıxır Balda.
Deyir: - Keşiş baba, erkən
Nə gəzirsən bazarda sən?
- Axtarıram mən bir nəfər
Olsun aşçı, dülgər, mehtər.
Görsün üç iş az maaşla.
Balda deyir: canla, başla
Mən işlərəm. İldə amma
Alnına vurram üç çırtma.
Fikrə gedir keşiş bir az,
Düşünür ki, bu bəd olmaz.
Gələcəyi kimdir bilən,
Neçin qorxum çırtmadan mən.
Dil taparıq biz hər halda.
Sonra deyir: yaxşı, Balda!
Gedək bizim evimizdə qal.
İşlə, məni sən razı sal.
Danışırlar, iş düzəlir,
Balda keşişgilə gəlir.
Çalışır ev işlərində
Yatır küləş üzərində.
Dörd adamca yemək yeyir,
Yeddi nəfərcən işləyir.
Səhər, axşam zəhmət çəkir
Ata baxır, əkin əkir.
Görür hər gün bazar işi,
Hazırlayır о bişmişi.
Nə Baldadan keşiş qızı,
Nə arvadı qalır razı.
Dayəlik də edir qoçaq.
Ona lələ deyir uşaq.
Can yandırıb görür hər iş.
Yenə sevmir onu keşiş.
Əzizləmir heç bir zaman,
О düşünür, elə hər an
Bugün sabah il çatacaq,
İstəyəcək nökərim haqq.
Tapım bəlkə bir vəsilə,
Haqq verməyim quram hiylə
Dərdi artıb həddən aşır.
Gctdikcə vaxt yaxmlaşır.
Yemir, içmir, yatmır gecə,
Başı şişir düşündükcə.
Fikirləşir arvadıma
Deyim, çatsm imdadıma.
Qadınlarda çox ağıl var,
Düşünüb bir kələk qurar...
Arvad deyir: ay kişi mən,
Qurtararam səni dərddən.
Bu barədə etmə təşviş,
Baldaya ver bir çətin iş.
Aciz olsa о görməkdən
Boyun qaçır haqq verməkdən.
Keşiş olur bu sözdən şən,
Çəkinməyir nökərindən.
О Baldanı çağıraraq
Deyir: sadiq nökərim, bax!
Şeytanlarla bir şərtim var,
Ömr etdikcə gərək onlar
Versin mənə hər il töycü.
Bu ödəyər bizim xərci.
Üç ildir ki, gəlmir xərac,
Nahar etdin tez durma, qaç!
Get töycü al şeytanlardan,
Balda, qurtar məni dardan.
Balda keşiş ilə əbəs
Çənə vurab eləmir bəhs.
Gəlib dəniz sahilinə,
Bir ip alır о əlinə.
İpi suda dolandırır,
Göy dənizi bulandırır.
Baş qaldırıb çıxır sudan
Donquldanır qoca şeytan.
Deyir ona: ay Balda sən
İncidirsən bizi nədən?
Balda deyir: göy dənizi
Qurutmaqla, kökünüzü
Kəsim gərək sizin alçaq.
Qoca şeytan çox qorxaraq
Deyir: buna səbəb nədir?
Belə yersiz qəzəb nədir?
Balda cavab verir ki, siz
Neçin töycü verməyibsiz?
Murdar itlər, gərək bu gün
İşinizə salım düyün.
Şeytan deyir: ay Baldacan!
Gəl qoparma nahaq tufan.
Tezliklə biz töycü verrik.
Ödəyib bu borcu verrik.
Qəzəblənmə! Elə bu dəm
Göndərərəm gələr nəvəm.
Fikirləşir Balda, gərək
Qurum indi mən bir kələk.
Pişik kimi bala şeytan
Miyoldayıb çıxır sudan.
Deyir: kəndçi Balda, salam!
Nə töycüdür bu ay balam?
Bizimçin iş çıxdı hardan?
Bir əsrdir şeytanlardan
Töycü alan yoxdur. Nədən
Saldın bizi bəlaya sən?
İndi ki, iş belədir gəl
Bir mərc qoşaq burda əvvəl
Dəniz boyu birgə qaçaq,
Bax, hansımız gəlsək qabaq,
Töycü ona çatsın... bir də
Hazır olsun kisələr də.
Hiylə ilə deyir Balda:
Sən qoyarsan məni dalda?
Gəl mənimlə əbəs yerə
Mərc bağlama ay heyvərə.
Boy-buxunu bircə qarış
Kiçik qardaşımla yarış.
Balda gedir tez ormandan
Tutur iki bala dovşan.
Bir torbaya salıb həmən
Keçir yaşıl meşəlikdən
Birbaş gəlir tez sahilə,
О şeytana qurab hiylə
Deyir: hələ sən balasan
Məni ötmək deyil asan.
Sərf etmərəm vaxtı hədər,
Hünərin var sənin əgər
Qardaşımı yarışda keç.
Sonra deyir bir, iki, üç!
О buraxır bir dovşanı.
Sahil boyu qaçır şeytan
Meşəliyə gedir dovşan.
Şeytan qaçıb əldən düşür,
Lap yorulub dildən düşür.
Düşünür ki, uddum mərci
Cibimizdə qalar töycü.
Dönüb gəlir о bu halda.
Görür dizi üstə Balda
Qoyub kiçik qardaşını
Sığallayır hey başını.
Deyir: əziz qardaş dincəl,
Yorulmusan özünə gəl.
Kəsib tamam nəfəsini
Çıxarmayır heç səsini,
Quyruğunu qısıb şeytan
Boz dovşana baxır, yan, yan.
Deyir: Balda, dayan gedim
Mən töycünü hazır edim.
Gəlib şeytan deyir: baba,
Ötdü məni kiçik Balda.
Fikrə gedir qoca şeytan.
Balda isə, elə tufan
Qoparır ki, su bulanır,
Dəniz coşur, dalğalanır.
Kiçik şeytan çıxıb sudan
Deyir səs-küy salma dayan.
Biz töycünü verrik ancaq,
Bir şərtimiz qalıbdır, bax!
Birgə ağac ataq gərək,
Hansı uzaq gedər görək.
Uzaq atsa kim ağacı,
Alacaqdır о xəracı.
Tulla! Kimi gözləyirsən?
Balda, yəqin qorxursan sən,
Ki, burxular əlin birdən.
- Yox, yox keçir yüksəklərdən
Bax bir bulud... ağacı mən
Gərək atım ona, həmən,
Şeytanlarla edim savaş,
Qorxur kiçik şeytan... birbaş
Babasma tərəf qaçır,
Məsələni ona açır.
Qəzəblə kin duya-duya
Balda ipi salır suya.
Şeytanları hədələyir.
Kiçik şeytan çıxıb deyir:
Tufan salma canım, gözüm
Töycüyə yox mənim sözüm.
Haçan desən hazır olar.
Balda deyir: yox bir iş var,
İndi də sən dinlə məni,
Həll elə bu məsələni.
Bax ordakı kök madyana,
Onu alıb sən arxana
Aparsan yarım verst əgər
Bilərəm var səndə hünər.
Qollarında görüb gücü
İstəmərəm sizdən töycü.
Aparmasan madyanı sən
Töycümüzü verməlisən.
Arxasında ağır madyan,
Çox güc vurur yazıq şeytan.
Əldən düşür hıqqanaraq
İki addım gedir ancaq,
Üçüncüdə dəyir yerə.
Balda deyir: ay heyvərə!
Qollarının gücü budur.
Çəkil indi bir yanda dur.
Qıçlarımla mən madyanı
Bir verst qovum, məni tanı.
Balda minir boz madyana
Sürür onu dörd bir yana.
Şeytan qorxub hünərindən,
Gəlib onun işlərindən
Babasına açır söhbət.
Şeytanlar edib məsləhət
Görürlər ki, yoxdur əlac.
Axır onlar verir xərac.
Balda gəlir damağı çağ.
Həsəd çəkir keşişə dağ.
Balda evə dönən zaman
Keşiş onun qorxusundan
Arvadının arxasında
Daldalanır... yaxasından
Tutub Balda deyir ona:
Al töycünü... gəl alnına
Çırtmaları vurum!.. Keşiş
Görür xeyr? yamandır iş.
Çırtmalara hazır durar,
Balda ilk çırtmam vurur.
Keşiş onun zərbəsindən
Səqfə qalxıb düşür göydən.
İkincidən bihal olur.
Pəltəkləşib о lal olur.
Üçüncü çırtmadan çaşır,
Kəlləsindən ağlı qaçır.
Balda ona deyir: Keşiş!
Belə olar bax, ucuz iş.