Təbiət

Toxucu quşları

Toxucu quşları  (лат. Ptilonorhynchidae), başqa sözlə, bağban quşları sərçəkimilər dəstəsinə aid quş növüdür. Vətəni Yeni Qvineya adaları və Avstraliya olan quşların təxminən 17 növü qeydə alınıb. 


Bu quşların davranışı onları sərçəkimilər ailəsinin digər növlərindən ciddi olaraq ayırır. Bu quşların erkəyi dişilərin ürəyini fəth etmək üçün incəsənət əsəri yaradır. Belə ki, erkək bağban quş torpağın üstündə nazik qamışdan yuva hörür. Yuvasının qabağını isə rəngbərəng çiçəklərlə bəzəyir. Vaxtaşırı yuvasının qabağındakı çiçəkləri dəyişdirib təzələyir. 


Ən məşhur növü – Atlas bağban quşudur - Avstraliyanın şərq hissəsində yaşayır. Bu quş əsasən göy rəngdə bəzəklərə, çiçəklərə üstünlük verir. 
Cütləşmə mövsümü, bir qayda olaraq, oktyabr-yanvar ayları arasında davam edir. Dişi quş üç yumurta verir.


Demək olar ki, bütün toxucu quşları yuvalarını ağacların ətrafında budaqlardan hörür. Bir quş yuva üzərində bir ildən çox işləyə bilər! Yalnız bir növü - Pişik bağban quşu (pişik səsi çıxardığına görə bu cür adlandırılmışdır) - heç bir yuva qurmur, lakin seçdiyi yeri yarpaq parçaları ilə bəzəyir. Vaxtaşırı qurumuş yarpaqları atır və təzələri ilə əvəz edir.


Yuva nəhayət hazır olduqda isə erkək quş dişi quşu evinə ziyarət etməyə dəvət edən bir çağırış mahnısı oxumağa başlayır. Yuva dişi quşun xoşuna gəlmirsə, o yuvanı tərk edərək uçub gedir. Əksinə, dişi quş yuvanı bəyənərsə erkək quş dişinin düzgün seçim etdiyini nümayiş etdirmək məqsədilə bir o yana bir bu yana hoppanaraq, dimdiyindəki bəzəkləri dişinin ayaqlarının altına atır.


Bu quşların yuvasında müxtəlif əşyalar, məsələn göbələklər, ölü böcəklər, çiçəklər, daşlar, giləmeyvələr, sümüklər, hətta ilan dərisi və quş lələkləri tapmaq mümkündür. İnsanlar sayəsində bu çeşid daha da genişlənərək zənginləşmişdir, indi yuvadan hətta uşaq oyuncaqları, bıçaq, çəngəl, diş fırçaları, stəkan, hətta əsl almaz və süni göz tapılmışdır.


Bağban quşlarının uzunluğu ortalama 35-36 sm-yə çatır, dimdiyi çox güclüdür, yuxarı hissəsi çəngəl kimi yuvarlaqdır. Ayaqları nazikdir, qısa barmaqları var. Quşların gözləri göy rəngdədir, (bəlkə də buna görə hər şeyin göy rəngdə olanını sevirlər!). 


Bağban quşlarını qida rasionunu - taxıl, bitkilərin toxumu, meyvə və bəzi həşəratlar təşkil edir.