Şeirlər

Seyid Əzim Şirvani. "Ayı və siçan"

Bir ayı yatmış idi rahətlə, 
Uzanıb xeyli istirahətlə. 
Bir siçan ayı üstən etdi güzar, 
Oldu ol ayı xabdən bidar. 
Əl atıb muşi eylədi nəxcir, 
Durdu yalvarmağa ona o fəqir. 
Dedi ki, sən məni gəl eylə rəha, 
Yer düşər eylərəm əvəz peyda. 
Ayı güldü, onu rəha qıldı, 
Siçanın mətləbin rəva qıldı. 
Bir zaman ovçu qurmuş idi dam, 
Düşdü dam içrə ol qəvi-əndam. 
Nə qədər zur qıldı ol məğrur. 
Damı qırmaqlıq olmadı məqdur. 
Bağırıb naləvü fəğan etdi, 
Göz yaşın seyl tək rəvan etdi. 
Ayının naləsin eşitdi siçan, 
Bildi kim, dami-dərdədir piçan. 
Gəldi kəsdi dişiylə ol damı, 
Ayıya eylədi sərəncamı. 
Dedi ayı ki, qalmadım qəmdə, 
Yaxşılıq itməz imiş aləmdə...