Xəbərlər

25 aprel - Ümumdünya Malyariya ilə mübarizə günüdür

Hər il aprelin 25-də Ümumdünya Malyariya Günü qeyd olunur. Malyariya günü Ümumdünya Səhiyyə Assambleyası tərəfindən xəstəliyə nəzarət səylərinin artırılması məqsədi ilə 2007-ci ildə təsis edilib. 


Malyariya ölümcül qlobal xəstəliklərdən biridir və xüsusilə Afrikada çox yayılıb. Malyariya ağcaqanad sancması nəticəsində yaranan infeksion xəstəlikdir və adətən qızdırma, titrətmə, sonrakı mərhələdə isə qaraciyər və dalaq ağrılarına səbəb olur. Malyariya parazitləri bir xəstə insandan sağlam insana adətən Anopheles cinsindən olan ağcaqanadların vasitəsi ilə ötürülür. Ağcaqanadı yoluxduran parazitin forması qametosit adlanır. Qametositlər merozoitləri qana daxil olduqdan sonra infeksiyaya yoluxmuş insanların daxili orqanlarının kapillyarlarında inkişaf etməyə başlayırlar.


Hər il dünyada 200 milyon nəfər malyariyaya yoluxur və onun 660 mini həyatını itirir. Yoluxmanın 90 faizi əsasən Cənubi Afrika və Saxara əhalisinin payına düşür, lakin Asiya, Latın Amerikası, Yaxın Şərq ölkələrində və bəzi Avropa regionlarında da onunla üzləşənlər olur. Beş yaşınadək uşaqlar xəstəliyin risk qrupuna daxildir.Geniş yayılmış infeksion xəstəliklə mübarizə hərtərəfli və birgə mübarizə tələb edir. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatı bu sahədə xüsusi proqram qəbul edib. Malyariya günü çərçivəsində xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə müxtəlif tədbirlər keçirilir. Beynəlxalq səviyyədə belə bir günün qeyd edilməsi endemik ərazilərdə təcrübə mübadiləsi aparmaq, əməkdaşlıq etmək və xəstəliklə mübarizədə səyləri birləşdirmək imkanı verir, elmi-tədqiqat müəssisələri və mütəxəssislərin diqqətini xəstəliyin qarşısını almağa yönəldir, eyni zamanda qüvvələri bu sahədə daha səmərəli yollar axtarılmasına səfərbər edir.


Malyariya xəstəliyi vaxtlı-vaxtında və müvafiq şəkildə müalicəyə cəlb olunduğu halda o tam müalicə edilə bilər. Peyvəndin hazırlanması istiqamətində bir çox səylərin göstərilməsinə baxmayaraq, hal-hazırda bu cür peyvənd mövcud deyil. Malyariya resept ilə verilən dərman vasitələrinin köməyi ilə müalicə edilir.