Bu maraqlıdır!

Rəngkarlıq

Boyalardan istifadə olunan yaradıcılıq sahəsi və təsviri sənətin ən qədim növlərindən biri də rəngkarlıqdır.


İnsan hələ qədim dövrlərdən ətraf aləmi təsvir etməyə çalışmışdır. İlk dəfə çəkdiyi təsviri rəngləmək istəyən qədim insan fırçanı heyvan tükündən hazırlamış, bitki şirəsi və suyu, heyvan piyi və s.-dən istifadə ilə rəng əldə etməyə çalışmışdır. Mağara divarlarındakı bu təsvirlər - qayaüstü rəsmlər və ya petroqliflər adlandırılır.


Mesopotamiyada sənətkarlar qədim məbədlərin bəzədilməsində rəngli, ornamental motivlər, insan və heyvan fiqurları təsvir edirdilər. Bu təsvirlərdə qırmızı, sarımtıl qırmızı, ağ və qara çalarlardan istifadə olunurdu. 


Petroqliflər (yunanca - daş və oyma) — Neolit dövründə qədim insanlar tərəfindən daş üzərində cızılmış təsvirlər.

 

Nəhəng ölçülü təsvirlər — monumentallıq Qədim Misir rəngkarlığına xas xüsusiyyətlərdəndir. Belə təsvirlərdə istifadə olunan rənglər müxtəlif süxurlardan, ağac, əhəng, daş kömür, dəmir və mis kimi təbii materiallardan alınırdı.


Qədim Misir rəngkarlığı xüsusi üsluba malik idi: təsvirlərdəki heyvan, insan və tanrı fiqurlarının başı, əl və ayaqları — profildən, gövdənin yuxarı hissəsi isə anfasdan təsvir olunurdu. Onlar relyef təsvirlərdə də xüsusi rəmzi məna daşıyan — sarı, qəhvəyi, yaşıl və mavi rənglərdən istifadə edirdilər.


Qədim yunan rəngkarlığında təsvirlərə həcm verilməsində işıq- kölgədən istifadə olunmuşdur. Bu üsul dünyada rəngkarlığın inkişafına böyük təsir göstərmişdir.


Qədim yunan mozaikalarında rəngli saxsı parçaları və xırda daşları düzən sənətkarlar işıq-kölgədən məharətlə istifadə edərək dəyərli rəngkarlıq əsərləri yaratmışlar.

 

Qədim Roma rəngkarlığının inkişafı romalıların yaşayış tərzi ilə sıx bağlı idi. Roma tikililərində qonaq otağı təsvirlərlə bəzədilərdi. Freska divar rəngkarlığının inkişafına təkan verdi.