Şeirlər

Mirvarid Dilbazi. “Müəllimim”

O elə şəfqətli, elə gözəldi, 
Yox idi gözümdə heç bərabəri. 
O, bir arzu idi, xoş bir əməldi, 
Yaşayır könlümdə illərdən bəri... 

 

Necə məlahətli, qəşəngdi səsi 
Axan saf suların təranəsitək; 
Necə də istiydi doğma nəfəsi, 
Necə də böyükdü köksündə ürək! 

 

Qarlı qış axşamı soyuq küləklər 
Körpə ürəklərə gətirəndə qəm, 
Onun bir sözüylə açar çiçəklər, 
Nura qərq olardı elə bil aləm! 

 

Min nəğmə gələrdi qulağımıza 
Daim çiçəklənən könül bağından. 
Elə bil çıxırdıq təzə bir yaza 
Soyuq, cansıxıcı qış otağından. 

 

O bizim şəfqətlə sığallayanda 
Hərdən başımızı bir ana kimi, 
Onun ətrafında biz də bu anda 
Olardıq nur görmüş pərvanə kimi. 

 

Heyif ki, əl çatmaz o gözəl günə, 
Aradan keçmişdir neçə qış, bahar! 
Ancaq saçlarımın üstündə yenə, 
Sanki o əllərin hərarəti var. 

 

Ah, ey uşaqlığın gözəl günləri, 
Əziz müəlliməm, hardasınız siz? 
O məktəb illərim dönsəydi geri, 
Önündə hörmətlə indi çöküb diz — 

 

Deyərdim: — Bu şeirim, sənətim üçün 
Həmişə, həmişə borcluyam sənə. 
Şərəflə keçirib ömrünü bütün, 
Nəsillər böyütdün doğma vətənə.

 

Sözü inci kimi düzdün dilimə, 
Öyrətdin düşünüb cümlə qurmağı. 
Qələmi bir dayaq edib əlimə, 
Çox usta çıxartdın uca bir dağı.


Coşqun bir çay kimi, bir bulaq kimi 
Sən həyat eşqilə coşdun, çağladın, 
Mümkün olsa idi açmaq qəlbimi 
Görərdin orada həkk olub adın. 

 

Sən uşaq könlümün eşqi, ilqarı, 
Andıydın, ustadım, dostum, yoldaşım! 
Bununçün bu adı daşıyanların 
Önündə hörmətlə əyilir başım.