Bu maraqlıdır!

Balıqların müxtəlifliyi

İnsanın təsərrüfat fəaliyyəti təbii aləmə getdikcə daha çox təsir edir. Nəticədə bir çox canlıların sayı azalır, onların məhvolma təhlükəsi artır. Bu səbəbdən adları “Qırmızı kitab”a düşən balıq növləri ildən-ilə çoxalır.

 

Sümüklü balıqlar növ sayına görə qığırdaqlı balıqlardan daha çoxdur.

 

Sümüklü balıqların əsas dəstələri:

Pəncəüzgəclilər. Müasir dövrdə yaşayan yeganə növü latimeriya balığıdır. Digər balıqlardan daha yaxşı inkişaf etmiş əzələli cüt üzgəcləri ilə fərqlənir. İlk dəfə 1938-ci ildə Hind okeanının Afrika sahillərində tutulmuşdur.

 

Nərəkimilər. Bunlarda xorda bütün ömrü boyu saxlanılır. Azərbaycan sularında rast gəlinən növləri – bölgə, nərə, uzunburun və qaya balıqları dənizdə yaşasa da, şirin suda kürü tökür. Belə balıqlar keçici balıqlar adlanır. Son illərdə Xəzər dənizində bu balıqların sayı kəskin surətdə azalmışdır.

 

Qızılbalıqkimilər dəstəsi. Yırtıcı balıqlardır. Bunlar keçici balıqlar olub, kürüsünü çayların mənsəbində qum və çınqılların arasına tökür. Xəzərdə daha çox rast gəlinən Xəzər qızılbalığıdır. Azərbaycanın dağ çaylarında yaşayan qızılxallı (forel) balıq yalnız şirin sularda yaşayır.

 

Siyənəkkimilər dəstəsi. Dənizlərdə yaşayır və sürü ilə üzür. Bunlarda yan xətt orqanı nəzərə çarpmır. Əksəriyyəti su qatlarında olan kiçik orqanizmlərlə qidalanır. Qida axtarmaq və kürü tökmək üçün uzaq məsafələr qət edir. Xəzərdə ən irisi qarabel siyənəkdir. Bəzi nümayəndələri, məsələn, kilkələr kiçik olsa da, vətəgə əhəmiyyətlidir.

 

Çəkikimilər. Azərbaycanda çəkikimilər dəstəsinin nümayəndələri çoxsaylıdır. Qidasını udlaqda udlaq dişləri deyilən xüsusi törəmələrlə xırdalayır. Çəkikimilərin qılıncbalıq, şamayı və bəzi digər növlərinin adları “Qırmızı kitab”a düşmüşdür.

 

Balıq ehtiyatlarının qorunması. İnsan plansız ovlama ilə, su mühitini müxtəlif kimyəvi maddələrlə çirkləndirməklə balıq ehtiyatlarını azaldır. Balıq ehtiyatlarının saxlanılması və heyvanlar aləminin qorunması üçün ölkəmizdə müxtəlif qanunlar qəbul edilmişdir. Balıq ehtiyatlarının azalmasının qarşısını almaq üçün onların süni surətdə artırılması və yeni növ balıqların su hövzələrinə iqlimləşdirilməsi işləri həyata keçirilir.

Hazırda bu balıqlar çoxsaylı olub, vətəgə əhəmiyyəti daşıyır. Balıq ehtiyatlarının artırılması üçün hazırda karp, qalınalın, ağ amur, forel, nərə balıqları süni surətdə artırılır. Neftçalanın Xıllı balıqçılıq təsərrüfatında nərə balıqları yetişdirilir.