Bu maraqlıdır!

Azərbaycanda ilk müstəqil xanlıq-Şəki xanlığı

XVIII əsrin 40-cı illərində Azərbaycanda siyasi-iqtisadi vəziyyət pisləşmişdi. Fasiləsiz müharibələr nəticəsində təsərrüfat dağılmış, ölkənin iqtisadi vəziyyəti pisləşmişdi. Yerli hakimlər özbaşınalıq edir, vergiləri qanunsuz olaraq artırırdılar. Bu isə əhalinin narazılığına səbəb olurdu.

 

Xanlığın siyasi müstəqilliyini möhkəmləndirən Hacı Çələbi xan bütün Azərbaycanı vahid dövlətin tərkibində birləşdirmək siyasəti həyata keçirməyə başladı. Bu məqsədlə ilk olaraq Təbrizə hücum etdi. Bu təsadüfi deyildi. Çünki Təbriz tarixən Azərbaycanın siyasi mərkəzi olmuşdu. Təbrizə sahib olmaq Azərbaycanda vahid hakimiyyət üçün əsas amillərdən biri idi. Lakin bu yürüş uğursuz oldu. Bundan sonra Hacı Çələbi xan Şamaxı xanı ilə birləşib 1748-ci ildə Qarabağa yürüş etdi. Müttəfiqlər Qarabağ xanlığının ilk siyasi mərkəzi olan Bayat qalasını mühasirəyə aldılar. Tarixdə «Bayat savaşı» adlanan bu hadisə də Şəki xanlığı üçün uğursuz oldu.

 

Azərbaycanda mərkəzləşdirilmiş vahid dövlətin olmaması qonşu dövlətlərin işğalçı siyasətlərinin həyata keçirilməsinə şərait yaradırdı. Gürcü çarı II İrakli Azərbaycanın qərb torpaqlarını işğal etmək istəyirdi. Bu məqsədlə tez-tez işğalçı yürüşlər edirdi. Lakin onun bu siyasətini həyata keçirməsində Şəki xanlığı əsas maneə idi. «Qızılqaya xəyanəti». Şəki xanlığı ilə təkbaşına mübarizə apara bilməyəcəyini başa düşən II İrakli hiyləgər bir tədbirə əl atdı. «Parçala, hökm sür» düşüncəsi ilə digər Azərbaycan xanlıqlarının Şəki xanına qarşı ittifaqını yaratmağa çalışdı. Bu məqsədlə o, ilk olaraq, Qarabağ xanı Pənahəli xanla ittifaq bağladı. Pənahəli xandan sonra bu ittifaqa Gəncə, Qaradağ, İrəvan və Naxçıvan xanlıqları da qoşuldu.

 

1752-ci ildə müttəfiqlər Gəncə yaxınlığında Qızılqaya deyilən yerdə müşavirə üçün toplaşdılar. Lakin gürcü çarı müttəfiqlərinə xəyanət edərək danışıqlara gəlmiş Azərbaycan xanlarını mühasirəyə alaraq əsir götürdü.

 

Bu xəbəri eşidən Hacı Çələbi xan Azərbaycan xanlarını azad etmək üçün gürcü çarının qoşununa hücum etdi. Bu döyüşdə xanın özünün başçılıq etdiyi süvari qoşunu düşməni ağır məğlubiyyətə uğratdı. Azərbaycan xanları azad edildi. Bu qələbədən sonra Hacı Çələbi xan Qazax və Borçalı mahallarını da azad edərək Azərbaycana qaytardı və öz xanlığının tərkibinə daxil etdi. Lakin sonralar gürcü çarı yenidən Qazax və Borçalı mahallarını işğal edə bildi.

 

Azərbaycan torpaqlarını birləşdirmək siyasətini davam etdirən Hacı Çələbi xan 1755-ci ildə Şirvana yürüş etdi. Lakin Quba xanı Hüseynəli xanın Şamaxı xanına kömək etməsi nəticəsində Hacı Çələbi xanın bu yürüşü uğursuz oldu. Azərbaycan xanlıqları arasında çəkişmələr, ara müharibələri, xarici dövlətlərin müdaxiləsi və iqtisadi zəiflik ölkənin birləşdirilməsi cəhdlərinə mane oldu.

 

Hacı Çələbi xanın hakimiyyəti dövründə Şəki xanlığı Azərbaycanda ən güclü siyasi qurum idi. Bu xanlıq şimal-qərbi Azərbaycan torpaqlarının gürcü çarları tərəfindən işğalının qarşısını aldı. Hacı Çələbi xan Osmanlı dövləti ilə diplomatik əlaqələr saxlamış ilk Azərbaycan xanlarındandır. Çələbi xan quruculuq işləri apararaq Şəkidə məscid, mədrəsə və digər ictimai binalar tikdirdi. Vergi sistemini nizama saldı.


Hacı Çələbi xandan sonra hakimiyyətə onun oğlu Ağakişi bəy gəldi. Lakin o, tezliklə sui-qəsd nəticəsində öldürüldü. Ağakişi bəyin ölümündən sonra xanlıqda hakimiyyət uğrunda mübarizələr dövrü başlandı. Əvvəlcə hakimiyyətə Hacı Çələbi xanın nəvəsi Hüseyn xan gəldi. Onun hakimiyyətə gəlməsinə yerli əhali və Quba xanı Fətəli xan kömək etmişdi. Ona görə də bir müddət Hüseyn xan Fətəli xanla müttəfiqlik siyasəti yürütdü. 1767-ci ildə Hüseyn xan Quba xanı Fətəli xanla birlikdə Şamaxı xanlığının ərazisini öz aralarında bölüşdürdülər. Lakin bir il sonra Fətəli xan Hüseyn xanı məğlub edərək onun hakimiyyəti altında olan Şamaxı xanlığının digər hissəsini də Quba xanlığına birləşdirdi. Hüseyn xanın dövrü hakimiyyət uğrunda çəkişmələrlə səciyyəvi idi. Hüseyn xandan sonra hakimiyyətə onun oğlu Məhəmmədhəsən xan gəldi. Məhəmmədhəsən xanın zamanında xüsusi qanunnamə qəbul edilmişdi. Bu qanun- namədə vergilər, feodal münasibətləri, sosial təbəqələrin hüquq və vəzifələri nizama salınmışdı.

 

XVIII əsrin sonlarında Şəki xanlığında hakimiyyətə Səlim xan (1795-1806) gəldi.

 

Hakimiyyət uğrunda çəkişmələr və digər xanlıqlarla mübarizələr nəticəsində Şəki xanlığı zəiflədi.