Bu maraqlıdır!

Mobil telefonlar

Qədimdən insanlar uzaqdan ünsiyyət qurmağı öyrənmişlər. İlk əlaqə kimi  məktub yazıb göyərçinlərlə göndərərdilər. İndi isə uzaqda yaşayan dostumuza bir neçə söz söyləmək üçün ona zəng etmək kifayətdir. Mobil telefon əlaqə yaratmaq üçün ən yaxşı vasitədir.


Mobil telefonlar müasir insanların həyatına o qədər dərin kök salıb ki, hətta insanlar özlərini mobil telefonsuz təsəvvür edə bilmirlər. Başqa sözlə desək, mobil telefonlar insan həyatı üçün zərurətə çevrilib. Ancaq simi olmayan bir qurğu ilə bir-biri ilə necə əlaqə qururlar? Telefonun necə işlədiyi haqqında sizi maraqlı məlumatlarla tanış edəcəyik.


Cib telefonu normal bir simli telefondan daha çox ratsiyadır. Siqnal ötürmək üçün radio dalğaları istifadə olunur.


Telefonla ilk zəng edən insan - Motorola şirkətinin əməkdaşı olub. Məhz elə bu şirkət dünyada ilk mobil telefon istehsalçısı olub. Şirkət əməkdaşının adı isə Martin Kuper idi. Hadisə 1973-cü ildə baş verib. Bu hadisədə kiçicik yumor payı da mövcuddur. Belə ki, Martin rəqib şirkətin sahiblərinə zəng vuraraq, bildirib ki, Nyu-York küçələri ilə yeriyərkən onlarla söhbət edir. Bu isə o zaman üçün həqiqətən də ağlasığmaz olduğu üçün rəqibləri olduqca əsəbləşdirib. 


Satış məqsədiylə ilk portativ mobil telefon 1983-cü il martın 6-da istehsal olunmuşdur. Həmin gün "Motorola" şirkəti layihəsinə 100 milyon dollar xərclənən bir aparatı təqdim etdi. Onun çəkisi 794 qram, həcmi isə 33 x 4,4 x 8,9 sm idi. Akkumulyator 8 saat müddətində telefonu işlədə bilirdi. Bu telefonların satış qiyməti 3995 dollar olsa da, minlərlə amerikalı onu almaq üçün növbəyə yazılırdı.


Uzun-uzadı təkmilləşdirmələrdən sonra mobil aparata saat, təqvim və digər rahatlığı olan qrafik displey əlavə olundu. 1998-ci ildə peyk rabitəsinin kommersiya istismarından sonra mobil telefon stansiyasının əhatə dairəsindən kənarda işləyən mobil telefonlar meydana gəldi.


İlk smartfonlar 1993-cü ildə meydana gəlib.