Bu maraqlıdır!

Göbələklər

Onların həm faydalı qida olduğunu, həm də insanı zəhərləyə biləcəyini deyirlər. Onlar həm xəstəlik törədir, həm də xəstəlikləri müalicə edirlər. Bu hələ hamısı deyil. Göbələklər haqqında çox danışmaq olar. Elə aşağıdakı mətndə də bu möcüzəli canlılardan bəhs edilir.

 

Əvvəllər göbələkləri bitkilərə aid edirdilər. Amma göbələklər nə bitki, nə də heyvandır. Göbələkləri ayrıca bir aləmə aid edirlər. Əslində, göbələklərdə həm bitkilərə, həm də heyvanlara bənzəyən xüsusiyyətlər vardır. Onlar bitkilər kimi su və qida maddələrini sormaqla qidalanır. Göbələklərdə həşəratlarda olan xitin adlanan maddə var. Xitin bitkilərdə olmur. Bu xüsusiyyəti göbələkləri heyvanlara yaxınlaşdırır.

 

Göbələklərə suda, quruda, torpaqda, bir sözlə, canlıların olduğu hər yerdə rast gəlmək olar. Adi gözlə görünməyən, yəni mikroskopik göbələklər də var. Mikroskopik göbələklərdən pendir, pivə və başqa ərzaq məhsullarının istehsalında, tibdə dərman vasitələrinin hazırlanmasında istifadə olunur. Çörək-bulka məmulatlarının bişirilməsində də mikroskopik göbələklərdən istifadə edirlər. Bu göbələklərə maya göbələkləri deyirlər. Bir çox otyeyən heyvanlarda göbələklər həzm prosesinin getməsində böyük rol oynayır. Göbələklərin bir çox növü insanlar üçün qida məhsuludur. Göbələklər məhv olmuş bitki və heyvan qalıqlarının parçalanmasında da iştirak edirlər və torpağı münbitləşdirirlər.

 

Bu maraqlı canlılar digər canlılarla: məsələn, ağaclarla, yosunlarla, hətta heyvanlarla birlikdə yaşaya bilir. Bitki köklərində yaşayan göbələk torpaqdan qida maddələrini sorub bitkinin yaxşı qidalanmasına kömək edir. Əvəzində isə bitkidən hazır üzvi maddələr alır. Hazır üzvi maddələrlə qidalanması göbələkləri heyvanlarla yaxınlaşdıran xüsusiyyətlərdəndir. Ağaclarla göbələklərin bu cür «şərikli» həyat sürməsinə simbioz deyilir.

 

Göbələklərin bəzi növləri ziyanlıdır. Zəhərli göbələklər onu yeyəni zəhərləyir. Bəzi qida zəhərlənmələri də mikroskopik göbələklərin fəaliyyəti nəticəsində yaranır. Çörək, meyvə-tərəvəz isti və rütubətli yerlərdə qaldıqda üzəri yaşıl və ya ağ kiflə örtülür. Bu, kif göbələkləridir.

 

Parazit, yəni başqa canlıların hesabına yaşayan göbələklərin bir çoxu təsərrüfat bitkilərini zədələyir. Bu isə onların məhsuldarlığını azaldır. Qovgöbələyi də parazit göbələkdir. O, ağacın gövdəsi üzərində bitir. Ağacın daxilindəki şirəni soraraq onun qurumasına səbəb olur. Alimlər bitkilərdə göbələk xəstəliyinin qaqşısını almaq üçün müxtəlif vasitələr yaratmışlar.

 

Bəzi parazit göbələklər heyvan və insanların dərisində, daxili orqanlarında çətin sağalan xəstəliklər əmələ gətirir. Bu göbələklərdən qorunmaq üçün gigiyena qaydalarına əməl etmək vacibdir. Başqa şəxslərin ayaqqabısını və paltarlarını geyinmək düzgün deyil. Bu zaman xəstəliktörədən göbələklər asanlıqla bir insandan başqasına keçə bilir.