Afişa

Bakıda növbəti dəfə “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiləcək

Oktyabrın 18-21-də Bakıda növbəti dəfə “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

 

Bu barədə AZƏRTAC-a məlumat verən festivalın təsisçisi Rəşid Ağamalıyev deyib ki, artıq film və ssenarilərin qəbulu başlayıb.

 

“Qürur hissi ilə bildirmək istərdim ki, keçən il biz bir ilkə imza atdıq. Sevimli şəhərimiz ilk dəfə beynəlxalq animasiya festivalına ev sahibliyi etdi. Biz bu gözəl ənənəni davam etdirmək və bu sahəni inkişaf etdirmək üçün səy göstəririk. Elə məhz buna görə də festivalın şüarını “Ənənə və inkişafa yeni baxış” kimi müəyyən etmişik. Həmçinin, bu il müraciətlər ən böyük festivallar platforması olan “FilmFreeway” vasitəsilə təqdim edilə bilər”, – deyə R. Ağamalıyev vurğulayıb.

 

Onun sözlərinə görə, Azərbaycan animasiyasının inkişafına verdiyi töhfəyə görə Festivalın “Qızıl qayıq” mükafatının laureatı Məsud Pənahi beynəlxalq münsiflər heyətinə rəhbərlik edəcək.

 

R. Ağamalıyev onu da deyib ki, bu il, həmçinin, uşaqlardan ibarət münsiflər heyəti də təsis olunub. “Ən yaxşı uşaq animasiya filmi” müsabiqəsinin qalibini beş nəfərdən ibarət olan uşaq filmlərinin münsiflər heyəti müəyyən edəcək.

 

32 ölkədən 60 müraciət qəbul etdiklərini deyən R. Ağamalıyev, son müraciət tarixinin iyulun 31-də başa çatacağını söyləyib.

 

Festival haqqında daha ətraflı məlumatı www.animafilm.az saytından əldə etmək olar.