Təbiət

Zebra duker

Zebra duker (lat. Cephalophus zebra) - Qərbi Afrikada yaşayan duker cinsinə aid kiçik məməli heyvan növüdür. Kiçik antilop növüdür. Vəhşi təbiətin olduqca nadir heyvanlarından biridir. Sayı məhduddur. Bu məməlinin sayı son bir neçə il ərzində yaşıllıq örtüyünün məhv olması və ov səbəbi ilə  30% azalıb. Onlara yalnız Qərbi Afrikanın müəyyən bölgələrində, əsasən  Liberiyanın Qərb bölgələrində rast gəlmək mümkündür. Tropik meşələrin sıx bitki örtüyündə həyat sürür.


Dişi duker erkəklərə nisbətən daha iridir. Orta hesabla, bir zebra duker 33-35 sm uzunluğa və 20-44 kiloqram ağırlığa çatır.


Dərisinin rənginə görə “Zebra duker” adlandırılır. Yetkin heyvanların dərisi qırmızı qəhvəyi rəngdədir. Boyun nahiyəsindən başlayan 12- 5 qara zolaq (zebrada olduğu kimi) quyruğa qədər uzanır. Onların üzləri və ayaqlarında qara izlər var. Dişi və erkək dukerlərin kiçik buynuzu var. Erkəklərin buynuzu daha böyükdür.


Gənc heyvanların dərisi daha açıq rəngdə olur və onların zolaqları daha yaxındır. Doğuşdan yeddi, doqquz ay sonra gənc heyvanlar yetkin heyvanlar kimi eyni rəngə sahib olurlar.


Zebra duker otyeyəndir. O ağaclardan düşən yarpaqlar, otlar, qönçələr, bitki kökləri və meyvələr ilə qidalanır. Bundan əlavə, digər heyvanların qalıqları ilə də qidalanır.


Gün ərzində aktivdirlər. Zebra duker qorxaq heyvandır, təhlükəni hiss etdikdə tez gizlənir. Cüt şəkildə yaşayırlar. Boğazlıq müddəti 221 gündən 229 günə qədər davam edir və nəticədə bir bala doğulur. Balaların yetişdirilməsində erkək duker iştirak etmir.


İlk iki həftə ana duker balalarını sıx bitki örtüyünün içərisində gizlədir. O, süd vermək üçün gündə dörd dəfə onlara yaxınlaşır. 3 ay ana südü ilə qidalanırlar. Daha sonra, yetkin zebra dukerləri ilə birgə bəslənməyə başlayırlar. 


Yetkinlik yaşına 2 yaşında çatırlar. Ömürləri 11—13 ildir.