Odlar Yurdu

Şollar su kəməri

1859-cu ildə Şamaxı zəlzələsindən sonra qəza mərkəzinin Bakıya köçürülməsi ilə şəhər sürətlə inkişaf etməyə başladı. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq XX əsrin əvvəllərində Bakının əhalisi artıq 200 min nəfərə çatmışdı. Əhalinin artması ilə Bakıda içməli su qıtlığı artıq kəskin şəkildə özünü göstərirdi. O dövrdə Bakıda mövcud “xan su kəməri” sisteminin ovdanları və dərinliyi 64 metrdən az olmayan həyət quyuları şəbəkəsi əhalinin tələbatını ödəmək iqtidarında deyildilər.


İçməli suyun miqdarını artırmaq üçün yeni quyuların qazılması, köhnə su hövzələrinin tutumunun artırılması və yenilərinin tikilməsi üçün tədbirlər görülməyə başlandı. Bakı üçün içməli su axtarışları Abşeron yarımadası da daxil olmaqla Zuğulba su kəhrizlərinə, şimalda Dübrar dağlarına və qərbdə Kür çayına kimi geniş bir ərazini əhatə edirdi.


1879-cu ildə neft milyonçusu, Şəhər Dumasının üzvü Hacı Zeynalabdin Tağıyevin təklifi ilə su kəmərləri komissiyası yaradıldı. Mütəxəssis və mühəndis-hidravliklərin axtarışları nəticəsində məlum oldu ki, Bakı ətrafında kifayət qədər içməli su ehtiyatı yoxdur. Avropa ölkələrinə səfərlərində Almaniya və Fransanın su və kanalizasiya qurğuları sistemi ilə yaxından tanış olan H.Z.Tağıyev Avropanın ən yaxşı hidravlik-mühəndisi sayılan ser Vilyam Harleyn Lindleyin Bakıya dəvət olunmasını təklif etdi.


Ser Lindley 1899-cu ilin payızında Bakıya gəldi.


Lindley Bakıya gələn kimi vaxt itirmədən geoloq və mühəndislərin tədqiqat işlərinin nəticələri ilə tanış oldu, müvafiq layihələrin işlənməsi məqsədilə təklif olunan məntəqələrə, yəni Kür çayına yola düşdü. Lakin Lindleyin diqqətini Şahdağ, Qusar yaylası və Qusarçayın yatağı cəlb etdi. Şübhəsiz, Qusarçay əbədi buzlaqlarla örtülmüş geniş dağlıq ərazidə olduqca etibarlı su mənbəyi rolunu oynaya bilərdi. Uzun müşahidələrdən sonra Lindleyin gəldiyi qənaət belə idi:


“Qafqaz dağlarının şimal yamaclarının sel suları ilə yuyulması və çoxlu xırda çay deltalarının olması nəticəsində geniş bir düzənlik mövcuddur.


Onların yaratdığı qatlar dənizə tərəf meyilli olmaqla yanaşı, əsasən, sukeçirici qum və kiçik daşlardan ibarətdir. Bu qatların arasını gil pərdəsi tutur. Bütün bunlar bir yataqda, yaxud da ayrı-ayrı təbəqələr şəklində dağlardan dənizə doğru hərəkət edən güclü bir yeraltı axının olduğundan xəbər verir. Şahdağ dağ massivi üzəri güclü təbaşir çöküntüsü ilə örtülmüş Yura dövrünə aiddir. Yay mövsümündə suyun əksər hissəsini verən Şahdağın şimal yamacı Samur çayını, həmçinin ətrafdakı bir çox kiçik çay və bulaqları su ilə təmin edir”.


Lindleyin ilk dəfə “Şollar” sözündən istifadə etməsi Bakı Dumasında qızğın müzakirələrə səbəb oldu. O, bulaq suları ilə zəngin olan və su hövzəsi kimi müəyyənləşdirdiyi ərazini Şollar adlandırırdı.Şollar bulaq sularının nəhəng bir şəhəri su ilə təmin edə biləcəyinə az adam inanırdı.


Lindley opponentləri öz seçiminin düzgünlüyünə inandırmaq üçün Şollar ərazisində hidroloji ekspertiza aparılmasını təklif etdi. Lakin Şəhər Duması vəsait çatışmazlığını bəhanə gətirərək bu təklifi rədd etdi. Bu zaman Hacı Zeynalabdin Tağıyev lazımi işlərin görülməsi üçün, onun təbirincə desək, “kasıb şəhər idarəsi”nə 25.000 rubl təklif etdi. Hacının bu təklifi Bakının gələcək su təminatında həlledici rol oynadı.


Mühəndis Şoll Şahdağın ətəklərində yerləşən geniş Qusar yaylasının işlənməsi üçün yaradılan geoloji ekspedisiyanın rəisi təyin olundu. Şollun rəhbərlik etdiyi ekspedisiya ağıryüklü at arabaları ilə nəzərdə tutulmuş bölgəyə gələrək işə başladı. Geodeziya və hidrogeoloji cihazların köməyi ilə Şahdağda və ona bitişik Qusar yaylasında kəşfiyyat işləri aparıldı. Şollun hesabatından məlum oldu ki, dənizkənarı boyunca içməli su quyulan, Xudatdan şimal-şərqə doğru isə meşədə olduqca şəffaf, sərin bulaq suyu aşkar edilib.


Su nümunələri Tağıyevin Qızlar məktəbinin zirzəmisində yaradılmış laboratoriyada kimyəvi-bakterioloji analiz olundu. Şollun ekspedisiyası suyun yeri, miqdarı və keyfiyyəti barədə Lindleyin verdiyi proqnozları təsdiq etdi. Duma, nəhayət ki, Şollar-Bakı su kəmərinin çəkilişi barədə çoxdan gözlənilən qərarı qəbul etdi. Qərarda deyilirdi ki, Bakının və ətrafının yeni su kəmərinin müfəssəl layihələndirmə və inşa işlərinə ümumi rəhbərlik və nəzarət baş mühəndis Vilyam Lindleyə tapşırılsın. 1914-cü ilin yayında, tikinti işlərinin qızğın çağında I Dünya müharibəsinin başlanması işlərə böyük ziyan vurdu. Müharibə getməsinə baxmayaraq, su kəmərinin çəkilişi tam sürətlə davam edirdi. Ser Lindley Bakıdan heç yana getmir, tikintiyə şəxsən rəhbərlik edirdi. 1917-ci il yanvarın 22-də ser Vilyam əlində saat Şollar suyunun ilk şırnağının şəhərə gəlişini gözləyirdi. Su düz müəyyən olunmuş vaxtda - 63 saata 187 kilometrlik məsafəni qət edərək Bakıya daxil oldu. Su kəmərinin kranını açmaq Hacı Zeynalabdinə həvalə edildi. Çənlərin dolması, yuyulması bir aydan artıq vaxt apardı və 1917-ci il martın 1-dən Şollar-Bakı su kəmərinin istismarına başlandı.