Qız qalası

Qədim Bakının tarixi mərkəzində, alınmaz qala divarlarının əhatəsində şəhərin əsas rəmzlərindən biri, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən əzəmətli Qız qalası ucalır. Əsrlər boyu qala şəhərin panoramında ən görkəmli tikili idi. Bakının ilk məlum təsvirlərindən biri 1683-cü ilə aiddir və bu təsvirin müəllifi alman səyyahı Kempferdir. Hətta üç əsr sonra bu rəsmə nəzər saldıqda keçən müddətdə baş verən böyük dəyişikliklərə baxmayaraq, paytaxtı tanımaq mümkündür. Bu, bənzərsiz Qız qalası sayəsində mümkün olur. O, keçmişdəki kimi, əvəzsiz rəmz kimi inkişaf edən və dəyişən şəhərin mərkəzində ucalır. Son illərdə həyata keçirilən bərpa işləri Qız qalasının qədim tarixinə yeni işıq salmağa imkan yaradıb.
 
 
Heliodispley və uzunqanadlılar koloniyası
 
Qız qalasında bərpa işləri və yeni muzey ekspozisiyasının yaradılması hökumətin təşəbbüsü ilə 2011-2013-cü illərdə ən müasir standartlara uyğun aparılıb. Bərpa və konservasiya Almaniyanın “Remmers” şirkəti və Avstriyanın “Atelier Erich Pummer” firması tərəfindən, ekspozisiyanın yaradılması isə Latviyanın “Dd studio” şirkəti ilə birgə həyata keçirilib.
 
 
2014-cü ilin yanvarında ziyarət üçün yenidən açılan cavanlaşan və gözəlləşən Qız qalası şəhər sakinlərini və paytaxtın qonaqlarını texniki təchizatına görə Avropada tayı-bərabəri olmayan yeni ekspozisiya ilə qarşıladı. Özünüz nəticə çıxarın, qalanın 8 mərtəbəsində ümumilikdə 22-si interaktiv olan 34 nümayiş paneli və monitor quraşdırılıb. Yeni ekspozisiya üçün xüsusi olaraq üç ölçülü qrafik və animasiya dizaynının köməyi ilə onlarla çarx və müasir instalyasiya hazırlanıb. Bu çarxlar və instalyasiyaların vasitəsilə müxtəlif tarixi dövrlərdə dəyişən Qız qalasının quruluşu, daxili strukturu və təyinatı haqqında məlumat təqdim olunur. Qala muzeyində hətta unikal heliodispley var. Bu displeydə təsvir çox nazik su tozundan ibarət bulud üzərinə köçür və bununla holoqramın qeyri-adi effektini formalaşdırır.
 
 
Bərpa işləri həm qalanın özündə, həm də onu əhatə edən ekoloji mühitdə zərgər ustalığı ilə aparılıb. Bircə misal. Məlumdur ki, Qız qalası çoxdan bəri qaralmış hörgü arasında və ya pəncərəaltı oyuqlarda özlərinə yuva quran uzunquyruqların sevimli məskəninə çevrilib. Qız qalasının konservasiyası proqramı çərçivəsində yüzlərlə belə yuva ehtiyatla abidənin yaxınlığındakı tikili və binalara köçürülüb. Quşları yeni yaşayış mühitinə cəlb etmək üçün xaricdən gətirilən xüsusi elektron manna yarmasından istifadə edilib.
 
 
Qız qalası ətrafında ekoloji tarazlığın qorunması üzrə görülən işlər üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Greenpeace” beynəlxalq ekoloji təşkilatının təşəkkürünü qazanıb.
 
 
Qeyd edək ki, bərpa işləri zamanı aşkar edilən artefaktlar Qız qalasının ekspozisiyasını daha da zənginləşdirib və onun tarixi ilə bağlı bir sıra məsələlərə yeni işıq salmağa imkan yaradıb.
 
 
Qız qalasının yaşı
 
Qız qalasının ətrafında qazıntılar zamanı aşkar edilən və yeni muzey ekspozisiyasında sərgilənən e.ə. II-I əsrlərə aid arxeoloji artefaktlar Bakı şəhərinin antik dövrə aidiyyətinə əyani sübutdur. Qız qalasının özü isə, yəqin ki, şəhərin ən qədim hissəsində yerləşir.
 
 
Qız qalasının dəqiq yaşı bu günə kimi müəyyən edilməyib. Ekspertlərin fikrincə, qalanın inşa vaxtı e.ə. VIII-VII əsrlər hesab edilə bilər. Təəccüblüdür, lakin bu məlumatlara görə, Qız qalası demək olar ki, məşhur mesoamerican piramidalarının yaşıdı, zəmanəmizə gəlib çatmayan İsgəndəriyyə mayakı, Semiramida asma bağları, Olimpiadakı Zevsin abidəsi, Rodos heykəlləri və digər “Dünya möcüzələri”ndən daha qocadır.
 
 
Diqqət yetirin, Qız qalası üzərində ucaldığı qaya hündürlüyündən artıq əsrlər idi ki, “gözlərini” səssizcə Xəzər dənizinin sularına dikir, Makedoniyalı İsgəndər dünyanı fəth edir, qədim Roma tərəqqi edir, Çin səddi qurulmağa başlayır, qədim Rus dövləti və monqol imperiyasının təşəkkül tapmasına isə az qala min il qalırdı!
 
 
Onu kim inşa edib?
 
Qız qalasının sirləri çoxdur, onlardan biri də tikilinin mənşəyidir. 1962-1963-cü illərdə qalanın birinci mərtəbəsində arxeoloji tədqiqat aparılıb. 5 metr dərinliyə qədər aparılan qazıntılar nəticəsində aydın oldu ki, abidənin təməli dənizə mailliyi olan böyük qaya üzərində durur.
 
 
Bu dahiyanə tikilinin memarı və inşaatçılarının adı hələ də məlum deyil. Hərçənd qalanın girişindəki lövhə üzərində kufi xətti ilə iki sətirlik yazı var: “Məsud ibn Davudun qübbəsi”. Uzun müddət bu yazı əsasında hətta qalanı səhvən XII əsrə aid edirdilər.
 
 
Amma bu gün tədqiqatçılar əmindirlər ki, bu lövhə qala divarlarında çox-çox sonralar peyda olub, çünki o, təsadüfən və səliqəsiz şəkildə hörgü arasına əsas girişin yuxarısında deyil, yan tərəfdən, yerdən 14 metr hündürlükdə yerləşdirilib. Yəqin ki, bu, qəbirüstü daşdır və təmir vaxtı qaladakı pəncərənin yerinə qoyulub, ya da tikilini təmir edən ustanın adını əbədiləşdirib.
 
 
Qalanın təyinatı
 
Qız qalasının təyinatı haqqında müxtəlif elmi fərziyyələr var. Bəzi məlumatlara görə, zərdüştilikdən xeyli əvvəl kimmer-skiflərin (türklərin) ərazisində bu tayfalara xas atəşpərəstlik adətləri mövcud olub. Zərdüştlük ardıcıllarından fərqli olaraq, qədim türklər od tanrısı Tabitiyə sitayiş edirdilər. Belə görünür ki, od doğuran torpaq zərdüştlüyün yaranmasından çox-çox əvvəl atəşpərəstliyin müqəddəs yeri olub.
 
 
Bu fərziyyə tərəfdarlarının fikrincə, Qız qalası Kaspiana, Albaniya, Midiyanın qədim memar-kahinlərinin metodu ilə Abşeronun yanar sahillərində tikilib və Ahura Məzda məbədinin analoqudur. Zərdüştlük dövründə belə məbədlər inşa olunmadığından Qız qalası e.ə. VIII-VII əsrlərə aid edilə bilər. Bəzi alimlərin fikrincə, bu, dahmazərdüşçülərin dövrüdür. Onlar ölən soydaşlarının meyitlərini qalanın zirvəsinə qoyur, quşlar onları didir, qala divarlarına yerləşdirilən keramik boru sistemindən istifadə edilərək mərhumların sümükləri aşağı endirilir, sonra dəfn edilirdi.
 
 
Bir çox tədqiqatçılar hesab edir ki, Qız qalasının dini məqsədlərə xidmət edib, yaxud dini ayinlərin icra edildiyi yer olub. Onların fikrincə, Qız qalası yerli sakinlər üçün dini sitayiş və mərasimlərlə bağlı məkan olub.
 
 
Günəş məbədi
 
Qız qalasının quruluşu onun sitayiş üçün nəzərdə tutulması barədə fərziyyəni daha çox təsdiq edir. Yuxarıdan baxanda Qız qalası qədim dövrlərdən od, işıq və günəşin rəmzi hesab edilən butanı xatırladır. Bununla yanaşı, tikilinin səkkiz pəncərəsindən yuxarıdakı dördü elə yerləşib ki, dekabrın 22-də qış gündönümündə günəşin şüaları bu pəncərələrdən düşərək qalanın içini işıqlandırır. Güman edilir ki, məhz qışın bu ən qısa günündə kahinlər günün yeni dövretməsi üçün ayinlər icra ediblər.
 
 
Bütün bunlar sübut edir ki, Günəş Allahı Azər (Asər) – Ak-er-u ərazisinin sahibi olub. Osiris Azər-Misir panteonunun əsas Allahı olub. Öküz müqəddəs Osirisin rəmzi, qoyun isə onun bürcüdür. Maraqlıdır ki, İçərişəhərin girişində Qoşa Qala qapısının yuxarı hissəsində iki dekorativ tağla yanaşı, iki şir fiquru ilə öküz başı təsvir edilib. Özü də bu, qədim Bakının ərazisində tapılan yeganə təsvir deyil. Yuxarıda qeyd edilənlərdən belə çıxır ki, göstərilən animalistik rəmzlər həmin yerin özünəməxsus qoruyucuları olub.
 
 
Bu tədqiqatlar Qız qalası haqqında dini-fəlsəfi mahiyyət daşıyan tikili kimi daha dərin fikirlər yürütməyə əsas verir. Bu versiya XIX əsrin hərbçi mühəndis xəritələrində təsdiqini tapır. Onlar Qız qalasını “Xunsar” adlandırıblar ki, bu da “Ansar Günəş” və ya “Günəş qəsri” mənasını verib.
 
 
Qədim rəsədxana
 
Bəzi alimlər Qız qalasının astronomik təyinatı barədə fərziyyə irəli sürürlər. Onların fikrincə, bunu tikilinin bəzi elementləri göstərir. Görünür, bu elementlər bəzi ulduzları və Günəşin bir illik siklini müşahidə etmək üçün nəzərdə tutulub və qədim insanların həyatında mühüm rol oynayıb.
 
 
Tədqiqatçıların fikrincə, Qız qalası Günəşin bir il ərzində fırlanmasını müşahidə etmək və bu siklin mühüm proseslərini – fəsillərin dəyişməsini öyrənmək məqsədi ilə inşa edilib. Təsadüfi deyildir ki, qalanın pəncərələri, kontrforsu (dayaq çıxıntısı) və bəzi struktur keyfiyyətləri müəyyən günlərdə günəşə baxır.
 
 
Qız qalasından gecələr səmanı seyr edərmişlər. Qalanın pəncərələrindən üfüqün ən parlaq ulduzlarını, məsələn, Veqa bürcündəki Lira, Əqrəb bürcündəki Antares, Böyük Ayı bürcündəki Sirius ulduzlarını görmək olar. Özü də qalanın pəncərələrindən hər biri müəyyən ulduza – biri Siriusa, digəri Veneraya, bir başqası Antaresə və s. baxır.
 
 
Qədim dövrlərdə din və elm arasında fikir ayrılığı olmayıb. Buna görə də qalanın rəsədxana kimi istifadə olunması versiyası onun dini əhəmiyyəti ilə bağlı versiyasını təkzib etmir.
 
 
Konstruksiya sirləri
 
Riyazi tədqiqatlar göstərib ki, Qız qalasının konstruksiyası dini prinsiplərə əsaslanır. Bu tarixi abidə ilkin görkəmində içiboş, silindrvari tikili olub. Daxili divarlar boyunca yuxarı qalxan pilləkənlər yonulub. Qalanın dördüncü mərtəbəsindən damına qədər yerləşən pəncərələri Günəşin trayektoriyasını təkrar edərək, xüsusi qövs yaradır. Eyni zamanda pəncərələr günəşin çıxmasına və qış gündönümünə (22 dekabr) istiqamətlənib. Astrofiziki tədqiqatlar göstərir ki, qış gündönümündə günəş şüaları pəncərələrdən içəri dolaraq, bütün Qız qalasını işıqlandırır.
 
 
Qız qalasının şimal hissəsinin hündürlüyü 28 metrə, cənub hissəsinin hündürlüyü 31 metrə çatır, aşağı hissəsində divarların qalınlığı 5 metr, yuxarı hissəsində 4 metr təşkil edir. Səkkiz mərtəbədən ibarət qalanın bütün mərtəbələri bir-birindən daş döşəmələrlə ayrılır və tikilinin cənub-şərq hissəsindəki divara bərkidilmiş pilləkənlərlə birləşir. Maraqlıdır ki, əvvəllər birinci və ikinci mərtəbələr arasında pilləkən olmayıb. İkinci mərtəbəyə yalnız qabaqcadan yuxarıdan endirilən kəndirin köməyi ilə düşmək olardı. Təbii ki, bütün bunlar təsadüfi adamların qalaya daxil olmasının qarşısını alırdı.
 
 
Qalanın divarlarında iki şaquli boşluq var. Boşluqların birində daş quyu yerləşir. Onun ağzı üçüncü mərtəbədədir. Qalanı mühasirəyə alan düşmənin quyu barədə məlumatı olmamalı idi. Əgər quyunun ağzı, məsələn, birinci mərtəbədə açılsaydı, onu asanlıqla ələ keçirib, içindəki suyu zəhərləmək olardı. Quyunun dərinliyi 21 metrdir. Onun içi hələ də su ilə doludur. Suyun analizi göstərib ki, içməlidir. Qalanın dənizin sahilində yerləşməsi, qədim vaxtlarda isə Xəzərin suları ilə əhatə olunması onun konstruksiyasının əsaslı düşünüldüyünü göstərir. Quyu dəniz səviyyəsindən aşağıda yerləşdiyi üçün içərisindəki su şirindir.
 
 
İkinci boşluqda, qalanın yuxarı mərtəbələrindən özülünə qədər divar boyu bir-birinə geydirilmiş keramik borular yerləşir. Boru xətti hazırda qalanın qapısı olan yerdən keçir. Muzey ekspozisiyasında nümayiş etdirilən borular Qız qalası yaxınlığında qazıntılar zamanı aşkar edilib. İçərişəhərin bütün su təchizatı sistemində də keramikadan hazırlanan bu borulardan istifadə olunub.
 
 
Müdafiə qurğusu
 
Bəzi alimlərin fikrincə, orta əsrlərdə Qız qalası Şirvanşahlar sarayının müdafiə sisteminin tərkib hissəsi olub. Təhlükə yarananda gecə saatlarında alovun, gündüzlər tüstünün köməyi ilə buradan başqa qüllələrə həyəcan siqnalı ötürülürmüş. Orta əsrlərdə Abşeronda təqribən 30 belə qurğu olub. Onların bəziləri, məsələn, Mərdəkan, Ramana və s. qəsəbələrdəki qalalar bizim günlərə gəlib çatıb.
 
 
Alimlərin fikrincə, qalanın qalın divarları, divarın içində yerləşən və birinci mərtəbədən görünməyən quyu yalnız müdafiə qurğularında istifadə oluna bilərdi.
 
 
Orta əsrlərdə İçərişəhər çox yaxşı möhkəm müdafiə olunurmuş. Onu iki qala divarı əhatə edirmiş, Qız qalası isə bir növ istehkam rolu oynayırmış. Düşmən hətta birinci divarı ələ keçirsəydi belə, ikinci divara həmlə edərkən içərisində yanan neft olan kanaldan keçməli idi. Bundan əlavə, qalanın müdafiəçiləri keramikadan hazırlanmış xüsusi qablardan istifadə edirdilər. Neftlə doldurulan bu qablardan bir növ bomba kimi istifadə olunurdu: fitilini yandırıb hücuma keçən düşmənin üzərinə atırdılar.
 
 
Gecə mayakı
 
Sonda əlavə edək ki, XVIII-XIX əsrlərdə Qız qalasından mayak kimi istifadə olunub. Məlumdur ki, mayak ilk dəfə 1858-ci ildə işıq saçmağa başlayıb. Əvvəllər isə burada qalanın bayrağı dalğalanırmış. Sonralar, şəhər böyüdükcə, gecələr mayakın işıqları şəhərin işıqlarına qarışıb. 1907-ci ildə mayak Nargin adasına köçürülüb.
 
 
Beləliklə, atəşpərəstlər məbədi, rəsədxana, müdafiə qurğusu və mayak. Qız qalasının təyinatı çox olub. Bütün bunlar göstərir ki, qədim tikilinin dəqiq tarixini müəyyən etmək çox çətindir, onun ilkin təyinatı isə bu günə qədər məlum deyil. Tarixi reallıqlar dəyişdikcə, qalanın da təyinatı dəyişib. Məbəd kimi inşa edilən qaladan rəsədxana kimi də istifadə oluna bilərdi, orta əsrlərdə isə İçərişəhərin müdafiə sisteminə daxil idi.
 
 
Niyə Qız Qalası?
 
Tarixi mənbələr bildirir ki, Qız qalasının indiki adı nisbətən yenidir. Bəzi sənədlərə əsaslanaraq söyləmək olar ki, XIX əsrə qədər bu tikili “Xunsar” adlanıb. Yəqin ki, bu adın mənşəyi yunanların sitayiş etdiyi Asaru və romalıların Osiris adlandırdığı tanrının adından törəyib.
 
 
Bu tikilinin “Güzə qalası” adlandırılması haqqındakı rəy də maraqlıdır. Güzə qalası işıq və od tanrısının məbədi olub, qədim türk tayfaları, yaxud tayfa birlikləri ona sitayiş edib.
 
 
“Qız qalası” adı, yəqin ki, tikilinin “müdafiə” keçmişi ilə bağlıdır, çünki bir vaxtlar o, Bakının əsas qalası funksiyasını yerinə yetirirdi. Tarixin bütün təbəddülatlarına və çoxsaylı hücum cəhdlərinə baxmayaraq, qala heç zaman fəth olunmayıb.
 
 
Hərçənd qalanın ətrafında “dolaşan” çoxsaylı əfsanələr onun adını daha çox romantik hekayətlərlə bağlayır. Qız qalasının yaranması haqqında xeyli rəvayət və uydurmalar dolaşır. Onların əksəriyyəti “qız” sözü ilə əlaqədardır. Əfsanələrin birində deyilir ki, bir şah qızını sevmədiyi adama ərə verməyi qərara alır. Özünü bu aqibətdən xilas etmək və atasını fikrindən daşındırmaq üçün qız atasından bir qüllə tikməyi və tikinti qurtaranadək gözləməyi xahiş edib. Lakin tikintinin şah başa çatması ərəfəsində belə öz niyyətini dəyişmir və onda qız qalaya çıxaraq özünü dənizə atır. Bundan sonra onun dəyib parçalandığı qayaya “qız daşı” adı verilir. Nişanlı qızlar buranı ziyarət edir, daşın üzərinə gül qoyurdular.
 
 
Bu əfsanənin başqa bir versiyası da var: qız özünü dənizə atdıqdan sonra sevgilisi padşahı öldürərək onun intiqamını alır. Lakin bir müddət sonra su pərilərinin qızı xilas etdiyini öyrənir. Tezliklə sevgililər bir-birini tapır və evlənirlər. Əfsanə həm də sübut edir ki, bir vaxtlar Xəzər dənizinin suları Qız qalasının ətəyinə çatırmış.
 
 
Rəvayətə görə, Qız qalasının yaxınlığında İsa Məsihin on iki həvarisindən biri - müqəddəs Varfolomey edam olunub. Varfolomey Bakıya I əsrdə gəlib və bütpərəst qəbilələr arasında xristianlığı təbliğ edib. Lakin İsa həvarisinin təbliğ etdiyi dini təlim rədd edilib və o, Qız qalasının divarları yanında edam olunub. Qız qalasının yaxınlığında qazıntılar zamanı həvarinin öldüyü yerdə ucaldılan qədim məbədin qalıqları aşkar edilib.
 
 
Qala mərtəbələrinin birində quraşdırılan interaktiv displeyin vasitəsilə digər məşhur əfsanələrlə də tanış ola bilərsiniz: “Sərkərdə və rəqqasə”, “Su üzərində addımlayan gənc”, “Şahzadə qız və çoban” və s.
 
 
İçərişəhər – tarixin dayağı
 
Qız qalasını ziyarət edərkən sonra təkcə onun quruluşu deyil, həm də İçərişəhərin tarixi ilə tanış ola bilərsiniz. Burada quraşdırılan maketdə İçərişəhərin ümumbəşəri dəyəri olan tarixi abidələri göstərilib: Qız qalası, Şirvanşahlar Sarayı kompleksi, Məhəmməd məscidi, habelə dövlət mühafizəsində olan milli dəyərə malik Xanəgah kimi dini-memarlıq kompleksi, Hacı Banu, Ağa Mikayıl və Qasım bəy hamamları, Multani və Buxara karvansaraları, Qoşa qala qapısı.
 
 
Maketin mərkəzindəki ekranda hər bir abidənin daxili və xarici görünüşü nümayiş etdirilir. Burada həmçinin “Köhnə Bakıda həyat” ümumi adı ilə şəhərsalma, iqtisadiyyat, din və şəhərin gündəlik həyatı haqqında tarixi məlumatlar var. Məsələn, “şəhərsalma” bölməsinə baxan zaman qala divarları, dəniz limanı, hamamlar, karvansaralar, saraylar, məktəblər, su təchizatı və yaşayış evləri haqqında məlumat əldə edə bilərsiniz.
 
 
Maraqlıdır ki, Qız qalasının yuxarı hissəsinə, müşahidə meydançasına qalxaraq Bakının 18 memarlıq incisi haqqında innovasiyalı elektron məlumat instalyasiyasını görmək mümkündür. Qurğuda qeyd olunan QR-kodu skanerdən keçirərək təqdim olunan hər bir obyekt haqqında ətraflı məlumat əldə etmək olar.
 
 
Bundan əlavə, qalanı ziyarət edərkən müasir texnologiyanın köməyi ilə əfsanəvi Bayıl qalası haqqında ətraflı məlumat əldə edə bilərsiniz. 1925-ci ildə dənizdə suyun səviyyəsi növbəti dəfə qəfildən azalanda bu qala birdən-birə Xəzərin dərinliklərindən üzə çıxıb.
 
 
Qız qalasının muzey ekspozisiyasında qala müdafiəçiləri tərəfindən istifadə edilən soyuq silahlarla da tanış olmaq mümkündür. Burada aypara formalı polad balta, qalxan, xəncər, zireh, nizə və s. nümayiş etdirilir.
 
 
“Qız qalası” festivalı
 
Qız qalası mədəniyyət və incəsənət xadimləri üçün həmişə ilham mənbəyi olub. 1923-cü ildə tanınmış Azərbaycan dramaturqu Cəfər Cabbarlı “Qız qalası” poemasını yazıb. Bir il sonra ekranlara bu qala haqqında geniş yayılan süjet əsasında Azərbaycanda çəkilən ilk sovet filmi çıxıb. 1940-cı ildə Əfrasiyab Bədəlbəyli tərəfindən yaradılan ilk Azərbaycan baleti də Qız qalasına həsr olunub. Azərbaycanın Xalq Şairi Rəsul Rza şeirlərindən birini Bakının rəmzinə ithaf edib.
 
 
Qız qalası müasir sənətkarların da ürəyini və təxəyyülünü qanadlandırmağa davam edir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2010-cu ildən Heydər Əliyev Fondunun dəstəyi ilə hər il may-iyun aylarında “Qız qalası” Beynəlxalq incəsənət festivalı keçirir. Festivala dünyanın tanınmış incəsənət xadimləri dəvət olunur.
 
 
Festivalda rəssamlar Qız qalasının qabaqcadan hazırlanmış maketlərini boya ilə sərbəst üslubda bəzəyirlər.
 
 
Bu illər ərzində festival dalbadal üç il Bakıda, bir dəfə Fransanın Kann şəhərində keçirilib.
 
 
Təşkilatçılar çox vaxt bu festival vasitəsilə ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsi məsələlərinə cəlb etməyə çalışırlar. Məsələn, festival çərçivəsində rəssamlar bir neçə dəfə Qafqaz faunasının nəsli kəsilməkdə olan növünün – ceyranın maketlərini bəzəyiblər.
 
 
Qız qalasının və ceyranların gözəl boyanmış maketləri əvvəlcə İçərişəhərdə şəhər sakinlərinə və paytaxtın qonaqlarına nümayiş etdirilir, sonra başqa ölkələrdə sərgilənir, Azərbaycan tarixinin və mədəniyyətinin təbliğinə xidmət edir.
 
 
Bir qayda olaraq festivalın bağlanış mərasimində əvvəlki festivalların iştirakçılarının yaratdıqları maketlərin parlaq təsvirləri Qız qalasının səthinə proyeksiya olunur.
 
 
Maraqlı numerologiya
 
Qız qalası ilə bağlı daha bir neçə maraqlı fakt. Qeyd etdiyimiz kimi, Qız qalasının cənub hissəsinin hündürlüyü 28 metrdir. Amma İçərişəhərdə “28” ədədi ilə bağlı qəribə “təsadüflər” var. Məsələn, Xəzər dənizi dünya okeanının səviyyəsindən 28 metr aşağıda yerləşir, İçərişəhərin ərazisində 28 məhəllə var və s.. Bu da 28 ədədinə rəmzi məna verir.
 
 
Qız qalası quş uçuşu yüksəkliyindən formasına görə “9” və ya “6” ədədlərinə oxşayır. Onlar birlikdə Qədim Çin kosmologiyasının məşhur “İn-Yan” anlayışını əmələ gətirir. Türk xalqının dünyagörüşündə ədalət dünyası ilə bağlı olan “9” ədədi ana bətnindəki körpənin inkişaf dövrünü göstərir, halbuki “6” ədədi labüd ölümə, axirət dünyasına işarətdir.
 
 
Son söz əvəzi
 
İçərişəhərdə arxeoloji axtarışlar bu günə qədər davam edir. Ola bilsin ki, qazıntılar zamanı aşkar edilən maddi-mədəniyyət irsi nümunələri Qız qalasının tarixi keçmişi haqqında yeni versiyalar irəli sürməyə imkan yaradacaq. Hələlik isə Qız qalası öz sirlərini açmağa tələsmir. Hər bir yeni kəşf sayəsində qalanın təyinatı, quruluşu, qədim memarlığın bu şah əsərini layihələndirən və ucaldan memarlar və inşaatçılar barədə getdikcə daha çox suallar ortaya çıxır.
 
 
Qız qalasının hər bir qonağı onun mərtəbələrinin labirintlərində dolaşaraq, tarixi minilliklərlə ölçülən divarlarının hörgüsünə toxunaraq, yaxud müşahidə meydançasından İçərişəhəri seyr edərək, öz nəticələrini çıxara bilər.