Xəbərlər

Gənc bioloqların yaradıcılıq müsabiqəsi keçiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc bioloqların yaradıcılıq müsabiqəsi keçiriləcək.

 

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin biologiya fənninə marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılmasından ibarətdir.

 

Müsabiqə IX, X, XI sinif şagirdləri arasında 3 mərhələdə keçiriləcək. Mayın 17-də ümumtəhsil müəssisələrində təşkil olunacaq məktəbdaxili yarışmada qalib gələn komandalar II mərhələdə iştirak etmək hüququ qazanacaq. Gənc bioloqların yaradıcılıq müsabiqəsinin II mərhələsində (mayın 24-də) hər rayon üzrə I yeri qazanmış komanda növbəti mərhələdə iştirak edəcək. Mayın 29-da keçiriləcək müsabiqənin final mərhələsinə isə hər rayondan bir komanda olmaqla, ümumilikdə 12 komanda qatılacaq və ilk üç yeri tutmuş komandalar qalib hesab olunacaq.

 

Gənc bioloqların yaradıcılıq müsabiqəsində hər komanda 3 nəfərdən (1 nəfər IX sinif, 1 nəfər X sinif, bir nəfər XI sinif) ibarət olacaq. Müsabiqənin əsasnaməsinə uyğun olaraq, I və II mərhələdə iştirakçılar iki akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını, iki məsələni, final mərhələsində isə həmin vaxt ərzində test və məsələ ilə yanaşı, bir təcrübə işini yerinə yetirməlidirlər.

 

Test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1 balla, məsələ və təcrübə işi 5 balla qiymətləndiriləcək. Qaliblər ekspert qrupu tərəfindən müəyyənləşdiriləcək.