Bu maraqlıdır!

Orqanizmimizi öyrənək

İnsan milyon illərlə davam edən təkamül prosesində əmələ gəlmiş, öz şüurunun inkişafı və yaratdığı əmək alətləri ilə heyvanat aləmindən ayrılaraq ictimai varlığa çevrilmişdir. İnsanabənzər meymunlara ən yaxın olan insanlar tarixi inkişaf prosesində bir sıra özünəməxsus uyğunlaşmalar qazanmışdır.


Hər bir çoxhüceyrəli heyvanda olduğu kimi, insan bədəni də külli miqdarda müxtəlif hüceyrələrdən və hüceyrəarası maddələrdən qurulmuşdur.


Elmin inkişafı təbiətin əvvəllər məlum olmayan sirlərini açmağa, insan orqanizmində gedən gizli proseslərə müdaxilə etməyə imkan verdi.


Bu elmlərdən bir qrupu yalnız insan orqanizmini və onunla əlaqədar olan prosesləri öyrənməyə xidmət edir.


İnsan anatomiyası (yunanca “anatemno” - yarmaq) - hüceyrə, toxuma və orqanların quruluşunu, formasını öyrənir.


İnsan fiziologiyası (yunanca “physis” - təbiət, “loqos” - elm) - hüceyrə, toxuma, orqan və orqanizmlərin yerinə yetirdikləri funksiyaları öyrənir.


Gigiyena (yunanca “gigienos” - sağlam) - insan sağlamlığı, əməyin və istirahətin düzgün təşkilini öyrənir.


Psixologiya (yunanca “psixo” - ruh) - konkret şəxsin fərdi xüsusiyyətlərini və psixi proseslərin ümumi qanunauyğunluqlarını öyrənir.


İnsan sosial varlıq olduğundan ondan təcrübə obyekti kimi istifadə etmək mümkün deyil. Eksperimental metodların insana tətbiqi qeyri-mümkündür. Bəs onda bu elmlər hansı metodlardan istifadə edərək insan orqanizmini öyrənib?


Əvvəllər insan orqanizminin quruluşunu öyrənmək üçün meyitlər üzərində tədqiqat aparılırdı. Alimlər insan bədəninin quruluşunu onurğalı heyvanların, xüsusilə məməlilərin bədən quruluşu ilə müqayisə edərək bunların arasında böyük oxşarlıq olduğunu müəyyənləşdirdilər. Bu da fizioloqlara insan bədənindəki üzvlərin funksiyalarını öyrənmək üçün heyvanlar üzərində təcrübələr aparmağa imkan verdi.


Canlılarda gedən həyati prosesləri öyrənən elm sahələrini yadınıza salın.


Bəzi fizioloji müşahidələri insan üzərində də aparmaq olur. İnsan orqanizminin bəzi orqanlarında daim çox zəif elektrik cərəyanları əmələ gəlir. Bu cərəyanlar orqanizmin vəziyyətindən asılı olaraq dəyişir. Cərəyanların qeydə alınması ilə bəzi orqanların funksiyaları öyrənilir, onlarda baş verən dəyişikliklər aşkara çıxarılır. Ürəyin biocərəyanları elektrokardioqrafbeyinin biocərəyanlan elekrtoensefaloqraf cihazı vasitəsilə qeydə alınır. Tanometr vasitəsilə insanın qan təzyiqi, spirometr vasitəsilə ağciyərin həyat tutumu öyrənilir. Həzm sistemini öyrənmək üçün zondlama,rentgenoqrafiya, radiotelemetriya, endoskopiya üsullarından istifadə olunur.


İnsan sağlamlığına zərər vurmadan rentgen, ultrasəs və s. vasitələrdən istifadə olunur. Laboratoriya analizi vasitəsilə insanlarda qanın, ağız suyunun, həzm şirələrinin, sidiyin və s. tərkibi öyrənilir. Bununla da orqanların vəziyyəti haqqında mülahizələr söylənilir. Hər bir insan öz orqanizminin quruluşunu, funksiyasını bilməlidir. Bizim sağlamlığımız gigiyena qaydalarına əməl etməyimizdən xeyli asılıdır. Bununla biz sağlam, gümrah olur, hər bir işin öhdəsindən gələ bilirik. Məhz gigiyenanın bu sahədə nailiyyətləri böyükdür.