Şeirlər

Rafiq Yusifoğlu. “Əl”

Oğlum deyir:- Ay ata, 
Bir mənim əlimə bax:
Yumanda yumruq olur,
Açandasa şapalaq.
Ata gülür, üzündən
Nur tökülür elə bil.
Deyir: - Oğlum, əl təkcə
Yumruq, şapalaq deyil.
Əl qurub yaradandı,
Əl biçəndi, əkəndi.
Əl körpülər salandı,
Əl kanallar çəkəndi.
Əl dosta vermək üçün
Gül dərib dəstələyir. 
Əl yazır, şəkil çəkir,
Əl mahnı bəstələyir.
Güc çatmaz gücümüzə
Vermişiksə əl-ələ.
Əl çıraqban, eləyib
Neçə şəhəri, kəndi.
Əl bizi yedirəndi,
Əl bizi geydirəndi.
Əl havadı, əl sudu,
Əl işıqdı elə bil.
Ömrüm-günüm, əl təkcə
Yumruq, şapalaq deyil...