Xəbərlər

Uşaq yazıçısı Gülzar İbrahimova ilə görüş keçirilib

Bakı, 12 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
 
 
 
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Binə qəsəbə Mədəniyyət Mərkəzində tanınmış uşaq yazıçısı, publisist Gülzar İbrahimova ilə görüş keçirilib.
 
 
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin layihəsi əsasında keçirilən bu görüş uşaqlarda kiçik yaşdan kitaba və mütaliəyə marağın artırılması məqsədini daşıyır.
 
 
Tədbirdə Gülzar Ibrahimova uşaqlara öz şeirlərini oxuyub, bağça və məktəbli uşaqların fəal iştirakı ilə interaktiv, əyləncəli oyunlar keçirib. Balacalar “Turp” nağılını səhnələşdirib, “Odlar yurdu” rəqs ansamblının kiçik üzvlərinin ifaları tədbiri daha da rəngarəng edib.Sonda uşaqlara onlara hədiyyələr təqdim edilib.
 
 
Gülzar İbrahimovanın müasir uşaq ədəbiyyatımızda özünəməxsus yeri var. O, istedadlı bir nasir kimi, uşaq ədəbiyyatı aləmində “Gülzar nənə” təxəllüsü ilə tanınır. “Sehrli dünya” jurnalının baş redaktorudur, 50-yə yaxın uşaq kitabının müəllifidir.