Şeirlər

Hüseyn Arif. "Təbiət düşündürür"

Gəl çıxaq seyrinə uca dağların, 
Çəmən olan yerdə xalça nə lazım, 
Gözündən su içək buz bulaqların, 
Lilpar olan yerdə dolça nə lazım. 

 

Nə kaman götürək, nə tar, nə qaval, 
Orda nəğmə də var, nəğməkar da var. 
Yarıb buludları dinəndə qartal 
O səsə bərabər bir səs harda var.

 

Torpağın ətrini fikirləşəndə, 
İpək tellərinə çiçək taxarsan. 
Səhərlər yadına güzgü düşəndə, 
Maral baxan gölə sən də baxarsan. 

 

...Gəlin təbiəti biz də düşünək, 
O özü hər şeyi düşünən kimi.