Xəbərlər

21 May – Ümumdünya Dialoq və İnkişaf Naminə Mədəni Müxtəliflik Günüdür

Bu gün BMT Baş Məclisi tərəfindən 2002-ci ilin dekabrında təsis edilmişdir. Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü ilk dəfə 2003-cü il mayın 21-də keçirilmişdir.

Hazırda dünya mədəniyyətini çox müxtəlif amillər təhdid edir – bir halda milli özünəməxsusluğun həddən artıq qorunması müxtəlif azlıqların mədəniyyətləri üçün təhlükə yaradır, digər halda din mədəniyyətə təzyiq göstərir, üçüncü halda praktik olaraq dünyanın bütün ölkələrində qloballaşmanın təsiri altında dillər yox olur, ənənələr itirilir, zəif mədəniyyətlər kənarda qalır, bəzən də tamamilə yox olur.

Bütün bu faktların nəzərə alınması və onların əhəmiyyətinin dərk edilməsi 2001-ci ildə YUNESKO-nun “Mədəniyyətlərin müxtəlifliyinə dair” bəyannaməsinin qəbul olunmasını zəruri etmişdir. Bu bəyannamənin həyata keçirilməsi üçün iyirmi əsas istiqamətdən ibarət Fəaliyyət Planı qəbul olunmuşdur. Bəyannamədə müxtəliflik, dialoq və inkişaf arasında əlaqənin yeni anlayışı irəli sürülmüşdür. Qeyd etmək lazımdır ki, BMT konvensiyalarına qoşulan Azərbaycan mədəni müxtəlifliyin tanınmasına əsaslanır və mədəniyyətlərarası mübadiləni dərk edərək, daha çox həmrəyliyin bərqərar olmasına cəhd göstərir.

Milli-mədəni müxtəliflik mədəni zənginlik deməkdir. Azərbaycan dövləti ölkədəki milli-mədəni müxtəlifliyin qorunub saxlanmasında, inkişafında maraqlıdır və buna dəstək verir. Dünya cəmiyyəti bununla mədəni müxtəlifliyin inkişafına töhfələr verməklə, mədəni irsin qorunması, müxtəlif mədəniyyətlərin nümayəndələri arasında münasibətlərin qurulması vacibliyini həmişə yadda saxlamalıdır.