Xəbərlər

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizdə hər il 23 may günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

 

Ölkəmiz müstəqillik əldə etdikdən sonra məhz Ulu Öndər Heydər Əliyevin ekologiya və ətraf mühitin mühafizəsi sahəsinə qayğıkeş münasibəti nəticəsində onun imzaladığı 2001-ci il 23 may tarixli sərəncamla Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. 

 


Son bir neçə ildə ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin mühafizəsi sahəsində ölkə Prezidentinin rəhbərliyi altında ardıcıl, məqsədyönlü işlər görülmüş, uzun illər ərzində yığılaraq müstəqil Azərbaycana miras qalmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəlmiş 5 Milli və Dövlət Proqramı təsdiq edilmiş, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində hüquqi baza təkmilləşdirilmişdir.

 


Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqın rifahının yaxşılaşdırılması naminə istifadəsi məsələsi hazırda aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutmaqla yanaşı, son zamanlar bilavasitə ekoloji problemlərin həlli sahəsində həyata keçirilən tədbirlər bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasının parlaq nümunəsidir. 

 


Əvvəllər bir Milli Parkı belə olmayan Azərbaycanda son 5 ildə Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin ümumi sahəsi 750 min hektara, yəni ölkə ərazisinin 8,7%-nə catdırılaraq 8 Milli Park, 4 Qoruq, 3 Yasaqlıq yaradılmış, 5 mövcud qoruğun ərazisi genişləndirilmiş, 3 Təbiət Abidəsi təşkil edilmişdir.