Şeirlər

Samuil Marşak. “Saylar”

Tərcüməçi İsa İsmayılzadə


 
Bu gördüyün birdir, bir,
Mil kimi çox nazikdir. 
Bilirsən bu necədi? –
İkidi,
Gör necədi? 
Boynunu azca əyər,
Quyruğu yer süpürər. 
Hə, ikini tanıdın,
Bax, bunun üçdür adı.
Boynunu burmağı var,
İkicə qarmağı var.
Üçdən sonra dörd gəlir,
Gör necə dirsəklənir.
Ondan sonra beş gəlir,
Nə dinir, nə dincəlir.
Sağa atır əlini,
Əyir, əyir belini.
Altı qıfıla oxşar,
Qarmağı, yumruğu var.
Yeddi maşadı, maşa,
Tək ayaqlı yaşayar.
Səkkiz iki üzükdü,
Qopmaz, düzük-düzükdü.
Doqquz ad qazanıb, ad,
Akrobatdı, akrobat!
Başı üstə duranda
Altı olur bir anda.
"0"-ya oxşayan rəqəm
Sənə sıfır deyirəm...
Yumruca,
Bir dənədi,
Tək olanda heç nədi.
Sən bir yazsan soluna,
Bata bilməzsən ona: -
Bapbalaca medalyon
Dönüb on olacaq, on!
Gör nə deyirəm sənə -
Köçür öz dəftərinə
Bir-bir bu rəqəmləri.
Onların hərəsindən
Bir əhvalat deyim mən.
 
1.
Bir hesab kitabında
İki dənə bir vardı.
Döyüşüb-vuruşdular,
Hər şey, hər şey qurtardı. 
Biri pozdu о birini,
Eh... özü də pozuldu.
Unuduldu adları.
Bu yoxluğa döz indi! 
Əl-ələ versəydilər,
İkisi də yaşardı.
Hərəsinin üstündə
Özünün adı vardı.
 
2.
İki bacı - iki əl
Qazır, qurur,
Uçurur.
Qoşa-qoşa dayanır,
Qoşa-qoşa yuyunur. 
Xəmir qatır о əllər,
Biri soldu, biri sağ.
Çayda, dənizdə üzər,
Dalğaları yararaq.
 
3. 
Üç rəngi var svetoforun,
Şofer qardaş, ondan qoran:
Qırmızı işıq yanır –
Maşın hələ dayanır.
Yandı sapsarı işıq –
Hazırca dayanmışıq.
Sür keç, sənin yolunda
Yaşıl işıq yananda.
 
4. 
Dörd küncü var otağın,
Masanın - dörd ayağı.
Pişiyin də dörd ayağı,
Ondan qorxub qaçanın da –
Siçanın da dörd ayağı. 
Dörd rezin təkərə bax –
Yollar boyu qaçacaq.
Sən ikicə saata,
О iki dəqiqəyə
Mənzil başına çatar.
 
5.
Beş barmaq - beş qardaşdı.
Evdə hamısı - çılpaq.
Bu beş qardaş, beş barmaq
Bir-birinə köməkdi.
Çölə çıxsan, onlara
Əlcək-palto gərəkdi.
 
6.
Altı
Pişik
Balası
Ac qaldı.
Südlü sıyıq ver onlara,
Pişik hara, qaşıq hara –
Ehmal-ehmal yalasınlar,
Bığlarını bulasınlar.
 
7.
Bir həftədə
Yeddi gündüz, yeddi gecə...
Portfeldə olan-qalan
Yeddicədi, yeddicə!
Bax, bu - dəftər, bax, bu - qələm,
Bax, bu pozan düşməz ələ -
Ləkələri təmizləyər,
Ləkələr onu gözləyər.
Bax, bu - pero, bu - karandaş,
Bu - penal, bu - "Əlifba",
Sizə dost, sirdaş.
 
8.
Səkkiz taxta kuklaya bax! –
Yupyumruca, alyanaq.
Bir geyincək içində,
Taxta köynək içində
Ömürlük yaşayırlar,
Bircə ad daşıyırlar –
Matryoşka!
 
Birinci kukla uçdu,
Gonbuldu, içi boşdu.
Aralandı bu kukla,
Paralandı bu kukla,
İki bölündü birdən.
Ortasından bir gonbul da
Baş qaldırdı yerindən.
Aralansa bu oyuncaq, -
Üçüncüsü çıxacaq.
Aralansa üçüncü,
Paralansa üçüncü, -
Dördüncüsü çıxacaq.
Çıxar onu ehmalca...
Açsan, boylanar ordan
Bapbalaca bir qoçaq.
Bu da olsun beşinci...
Hə... əlindən düşüncə -
Yırğalanıb qalacaq
Bizim balaca qoçaq.
Aralasan,
Altmcısı tapılacaq,
Altıncıda - yeddinci,
Yeddincidə - səkkizinci.. 
Səkkizinci
Sonbeşikdi,
yumrucadı,
Hamısından balacadı. 
Baxın, bacı - kuklalar
Bir-birindən üzülüb,
Bir cərgəyə düzülüb.
Soruşuram onlardan: -
Neçə bacısınız siz?
Bacılar bir ağızdan
Cavab verirlər: - Səkkiz!..
 
9.
Doqquza on dəqiqə,
Doqquza on dəqiqə,
Doqquza on dəqiqə
Qalanda, dərs başlanır.
Zəng çalınır doqquzda,
Dərs başlanır doqquzda. 
Doqquza on dəqiqə
Qalanda yatmalısan.
Yuxu qaçır gözündən.
Kim keçməsə otağına,
Uzanmasa yatağına –
Gərək küssün özündən.
 
0.
Dəcəl sıfır, yumru sıfır
Birlə yaxm qonşu idi.
- Qoy səninlə bir cərgədə,
Bir sətirdə durum, - dedi. 
Bir yamanca tərs-tərs baxdı.
Hirsli-hirsli, iti-iti:
- Sən sıfırsan, sən heç nəsən,
Mənə yaxın durma! - dedi. 
Düz deyirsən, mən heç nəyəm,
Mənim nəyim var, nəyim.
Amma... sənə yanaşsam,
Mat qalarsan -Dönüb birdən on olarsan! 
Tək-tənhasan, gör necə,
Balacasan, gör necə. 
Amma sağ yanında dursam,
On qat böyük olarsan. 
Demə heçdir sıfırlar,
Hərənin öz yeri var. 
Bizim günümüzü gördün,
Bizdə hünər var, hünər.
İstəsək, üçlə dördü
Otuz - qırxa çevirərik,
İki - iyirmiyə dönər. 
Birlə ikinin yanına
Qoşa-qoşa sıfır düz:
Birdən - yüzlük düzələr,
İkilikdən - iki yüz!