Şeirlər

Qasım bəy Zakir. “Badi-səba, mənim dərdi-dilimi …”

Badi-səba, mənim dərdi-dilimi 
Ol büti-zibayə dedin, nə dedi? 
Ahü naləm asimanə yetdiyin 
Gərdəni minayə dedin, nə dedi?

 


Düşüb ayağına sən o zalımın 
Söylədinmi necəliyin halımın? 
Onun həsrətindən rəngi-alımın 
Döndüyün heyvayə dedin, nə dedi?

 


Görsə idin, varmı məni bimarə 
Nüsxeyi-hüsnündə onun bir çarə;
Dildə iztirabə, təndə buxarə, 
Sərimdə sevdayə dedin, nə dedi?

 


Qəm əlindən payi-bəstə olduğum, 
Hal pərişan, dil şikəstə olduğum, 
Bəstəri-möhnətdə xəstə olduğum, 
Gözləri şəhlayə dedin, nə dedi?

 


Sərasər fələyin şəmsü mahına, 
Tamam yer üzünün qibləgahına, 
Zakirin əhvalın xublar şahına 
Ağlaya-ağlaya dedin, nə dedi?