Bu maraqlıdır!

Albaniya

Albaniya, rəsmi adı Albaniya Respublikası — Cənub-Şərqi Avropada Balkan yarımadasının qərb hissəsində yerləşən ölkədir. Ölkə Adriatik dənizinin sahillərində yerləşir. Albaniyanın şimaldan cənuba doğru uzunluğu 340 km, qərbdən şərqə isə 150 km. Sahəsinə görə dünya ölkələri arasında 139-cü yerdə durur. 


Ölkənin qərbdə Adriatik dənizinə, cənub-qərbdə İon dənizinə çıxışı vardır. Onların arasında yerləşən Otranto Boğazı Albaniya və İtaliyanın sahillərini birləşdirir. Ölkənin ümumi sahili 362 kmdir.


Qonşuları şimalda -Monteneqro, şimal-şərqində - Kosova, şərqində -Serbiya və Makedoniya Respublikası və cənub-şərqdə -Yunanıstandır Albaniya NATO-nun (2009), Qaradəniz İqtisadi Əməkdaşlıq və İslam Konfransı Təşkilatına üzvdür. Paytaxtı–Tirana şəhəridir.


Albanlar öz ölkələrini "Şipri", yəni "Qartallar diyarı", yerli sakinləri isə "Şiptar" adlandırırlar. Albaniya özü isə illiriya sözü olub "olba" - "kənd" deməkdir.


Albaniya bir neçə adaya sahibdir, lakin onların hamısında yaşayış yoxdur. Ən hündür nöqtəsi Korab dağıdır (2753 m). Ölkənin sahilətrafı ərazisi Aralıq dənizi iqlimi şərqə tərəf getdikcə kontinental iqlimlə əvəz olunur.


Albaniyanın ən böyük çayı olan Drin ölkənin şimal əraziləri ilə axır. Bundan başqa Albaniyanın Mati, Şkumbini, Vyosa və Semani kimi çayları da var. Balkan yarımadasının üç ən böyük gölü hissəvi olaraq Albaniyada yerləşir. Üçdə bir hissəsi Albaniyanın ərazisinə düşən və ölkənin ərazisinə düşən hissəsinin sahil xətti boyu uzunluğu 57 km. olan Skadar gölü şimalda – Monteneqro ilə sərhəddə yerləşir. Albaniya ilə Makedoniyanın arasında bölünmüş Oxrid gölü 289 m. dərinliyə malikdir. Zəngin flora və faunası olduğu üçün göl YUNESKO tərəfindən qorunur. Prespa gölü ölkənin cənubunda yerləşir və üç ölkəyə: Albaniya, Makedoniya Respublikası və Yunanıstana məxsusdur.


Ölkənin florasında 3000-dən çox bitki növü var. Sahil ətrafı ərazilər cəngəllik və kolluqlarla örtülmüşdür. Albaniyanın üçdə bir hissəsi (əsasən dağlıq əraziləri) meşəliklərlə zəngindir. Meşələrində Qonur ayılar, canavarlar, çaqqallar, vaşaq və meşə pişikləri, çöl donuzları, cüyür və marallar var. Sahilətrafı rayonlarda çoxlu miqdarda su quşları var.


Dövlət dili olan alban dili, Hind-Avropa dil ailəsində xüsusi bir qrup təşkil edir. Alban dilində latın, yeni və qədim yunan, roman, cənubi slavyan və türk dillərindən çoxlu sayda keçmə sözlər vardır. Alban dilinin 2 dialekti mövcuddur. Bunlar qeq və tosk dialektləridirlər. Müasir ədəbi alban dili XIX əsrin sonunda hər iki dialektin əsasında formalaşmışdır. Amma tosk dialekti daha geniş formada yayılmış və 1945-ci ildən etibarən rəsmi dil elan edilmişdir.