Bu maraqlıdır!

Kanayma Milli Parkı

Kanayma Milli Parkı — Venesuelanın cənub-şərqində Bolivar ştatında yerləşir, Braziliya və Qayana ilə sərhəddədir.


Sahəsi 3 milyon hektar olan milli park 12 iyun 1962-ci ildə təsis edilib. Sahəsinə görə Venesuelanın ən böyük ikinci (Parima Tapirapeko Milli Parkından sonra), dünyanın isə ən böyük yeddinci milli parkıdır. Görünüş baxımından Kanayma, Cənubi Amerikada parkların birincisidir.


Milli parkın sahəsi Belçika və ya ABŞ-ın Merilend ştatı qədərdir.


Sahəsinin 65 %-i milyon illər əvvəl yaranan, dik yamaclara və hamar zirvələrə malik dağlarla — tepuilərlə örtülüdür. Milli park təkrarolunmaz bioloji və geoloji müxtəlifliyə malikdir. Buradakı dik qayalar və şəlalələr (1002 metr hündürlüyü ilə dünyanın ən hündür şəlaləsi olan Anhel şəlaləsi də daxil) valehedici mənzərələr yaradır.


Milli parkdakı ən məşhur tepuilər ən hündürü və dırmaşması ən asan olan Rorayma dağı və Anhel şəlaləsinin yerləşdiyi Auyantepuidir. Bu tepuilərin geoloji yaşı Cənubi Amerika ilə Afrika materiklərinin super qitə olduğu dövrə aiddir. 


Milli park Karib linqvistik qrupuna daxil olan Pemon hindularının məskənidir. Pemon hindularının tepuilərlə yaxın münasibətləri var və onların inancına görə tepuilər "Mavari" ruhlarının yaşadığı yerdir. Kanayma Milli Parkı nisbətən uzaqda yerləşən milli parkdır, sadəcə çox az yolla kiçik şəhərlərlə əlaqələnib. Milli parkın daxilində nəqliyyat müxtəlif Kapuçin missiyaları tərəfindən uçuş zolaqları vasitəsilə qalxan təyyarələrlə, ayaqla və ya kanoe ilə yerinə yetirilir. Pemon hinduları burada sadə və təmtəraqlı düşərgələr salıblar və bu düşərgələr dünyanın müxtəlif yerlərindən gələn turistlər tərəfindən ziyarət olunur.


1994-cü ildə Kanayma Milli Parkı sıldırım relyef forması olan tepuilərə görə YUNESKO-nun Dünya irsi siyahısına salınıb.


Qoruğun ərazisindəki iqlim nəmli tropikdir, tez-tez yağış yağır. Ən quraq mövsüm isə dekabrdan aprel ayına qədərdir.


Canaym Milli Parkının heyvanat aləmi inanılmaz dərəcədə zəngindir. Burada müxtəlif növ meymun növləri, yaquar, puma, tapir, iri qarışqalar və çox sayda kiçik heyvan növləri yaşayır. Parkın ərazisi dünyanın ən müxtəlif quş növlərinin məskənidir.


Parkı, ölkənin əsas turistik mərkəzlərindən olan məşhur Anhel Şəlaləsinin "qapısı" adlandırırlar.