Bu maraqlıdır!

Barbados adası

Barbados — Mərkəzi Amerikada, Karib hövzəsi və ya Vest-Hinddə yerləşən ada dövlətdir. Sahəsi - 430 km²-dir. Əhalisi 280 min nəfərdir. Dövlət dili ingilis dilidir, pul vahidi isə Barbados dollarıdır. Paytaxtı və mühüm portu Brictaun şəhəridir. Paytaxt şəhərin adı "Körpü-Şəhər" olaraq tərcümə edilir. Brictaun XVII əsrin ilk yarısında Vest-Hindistanda qul ticarətinin mərkəzi olmaqla qurulub və şəhər Britaniya imperiyasının bir hissəsi olub.


Ölkəyə bu adı məşhur ispan tədqiqatçısı Pedro Kampos verib. Tədqiqatçı bu torpağa ayaq basarkən burada olan çoxlu əncir ağacları onun diqqətini çəkib və o, ağacları formaca “saqqallı adamlar”a bənzədib. Kampos bu torpağı “los – barbados” adlandırıb ki, bu da ispan dilindən tərcümədə “saqqallılar” deməkdir.


Avropalılar Barbodos adasına gələnə qədər, adada hind tayfalarından olan Aravaklar və Kariblər yaşayıb. 1605-ci ildə adaya gələn ingilislər 1625-ci ilə qədər adada öz kaloniyalarını yaradıb. 1628-ci ildə isə Barbadosun müasir paytaxtı olan Brictaun şəhərinin əsası qoyulub. 
Barbadosun müstəqilliyi 1966-cı ildə elan edilib.


Relyefi
Barbados Mərcan mənşəli adadır, bəzi yerlərdə mərcan rifləri ilə əhatə olunub. Səthi terraslarla sahildən mərkəzə doğru maili surətdə 340 metrədək qalxır. Çökmə süxurlardan, əsasən, əhəngdaşılardan ibarətdir. Təqribən bütün sahil boyu enli qumlu plyaj zolağı uzanır, şimal-şərqi sahili okeana doğru sıldırım şəkildə enir. Karst (mağaralar, yeraltı çaylar və göllər) inkişaf edib.


İqlimi
İqlimi tropik passatdır. Orta temperatur ən isti ayda (sentyabr) 27 °C, ən soyuq ayda (fevral) 25 °C olur. İllik yağıntı 1400 mm-dək, iyundan noyabra kimi yağış mövsümüdür. Burada ez-tez fırtınalar olur. Bir neçə qısa çayı var. Barbadosun cənubunda bataqlıqlara rast gəlinir. Qəhvəyi-qırmızı lateritləşmiş torpaqlar yayılıb. Mədəni landşaftlar üstünlük təşkil edir. Sahillərində kiçik sahələrdə tropik bitkilər qalıb. Qırmızı ağaca, kokos və kral palmasına rast gəlinir. 


Heyvanlardan manqust (introduksiya edilib), tısbağa, gəmiricilər; quşlardan kolibri, göyərçin, freqat, qutan məskunlaşıb; sahil sularında makrel, skumbriya, uçan balıq (adanın simvolu), xərçəngkimilər yaşayır. Burada milli park statusu almış Barbados dəniz rezervatı (mərcan rifləri ekosisteminin mühafizəsi) vardır.