Nağıllar, hekayələr

Zahid Xəlil. Karvana hürən qaplan

Bu balaca küçükcüyəzin adı Qaplan idi. Kənddə demək olar ki, onu  it yerinə qoyan yox idi:
– Buna baxın, deyirdilər, Qaplan da özünü it hesab edir.
Onu pişiklər daha çox lağa qoyduqları üçün Qaplan lap bərk hirslənirdi.
– Eybi yoxdur – deyirdi bir gün sizə göstərərəm.
Amma həmin o gün gəlib çıxmırdı ki, çıxmırdı. Qaplan böyüdükcə daha da qorxaq olurdu və kənddəki pişiklərin demək olar ki, hamısı onu cırmaqlayıb vaxtında aradan çıxa bilirdi.
Bir dəfə kəndin içindən böyük bir dəvə karvanı keçirdi. Qaplan əvvəlcə öz həyətlərindən alçaq səslə hürməyə başladı.
– Havvvv, havvvv!
Amma ona əhəmiyyət verən olmadı. İşi belə gördükdə Qaplan bir az ürəkləndi və həyət qapısından çölə çıxıb xeyli aralıda gedən dəvələrə hürdü:
– Haaaavvv, haaaavvv!
Dəvələr addımlarını yavaşıtmadan gedirdilər. Onların dodaqları aramla açılıb-yumulur, gövşəyirdilər. İri və yaraşıqlı gözlərini qabağa zilləyərək gedir, Qaplana əhəmiyyət belə vermirdilər. Qaplan bundan daha da cəsarətləndi və irəli cumub karvanın beş-altı metrliyinə gəldi və hürməyə başladı:
– Huuuuvvw, huuuuvvvv!
Ona flkir verilmədiyini görüb hirsləndi.
– Karsınız nədi, görmürsünüz hürürəm?
– Görürük ki, boğazını yırtırsan. Amma neyniyək? Sənin borcun hürmək, bizim borcumuz getməkdi. Nə qədər istəyirsən hür.
Karvan aramla yoluna davam edib getdi. Gözəl bir fürsəti əlindən buraxdığına görə Qaplan özünü danlamaq üçün bir iki ağız da hürdü:
– Uuuuaaa, uuuuaaa!
Bax belə.