Şeirlər

Korney Çukovski. “Barmaley”

Tərcümə edəni Teymur Elçin

 


Birinci hissə                                                
Ay balaca uşaqlar,
Sizə tapşırığım var:
Afrikaya getməyin,
Afrikada gəzməyin!
Afrikada var
Acgöz balıqlar.
Afrikada var
Qorillalar.
Afrikada var
Yekə timsahlar.
Sizi döyərlər,
Sizi yeyərlər, -
Heç vaxt tərslik etməyin
Afrikaya getməyin,
Uşaqlar.
Afrikada olur
Qaniçən quldur,
Bar-ma-ley.
 
Afrikada gəzir
Murdar, eybəcər,
Acgöz
Barmaley.
"Acam, acam" deyir,
Uşaqları yeyir.
Ata-ana danışır
Ağac altda mehriban.
Ata-ana danışır
Uşaqlarla bayaqdan:
"Afrika qorxuludur.
Bə-li, bə-li.
Vəhşilərlə doludur.
Bə-li, bə-li.
Bax, dəcəllik etməyin,
Afrikaya getməyin,
Uşaqlar, heç vaxt".
Axşam düşdü, günəş batdı,
Ata yatdı, ana yatdı.
Tanya,
Vanya durub yerdən
Afrikaya qaçdı birdən.
Afrikaya! Afrikaya!
Afrikada gəzdilər,
Xurmalardan üzdülər,
Ay can,
Afrika!
Aman, Afrika!
 
Mindilər kərgədana,
Qoymadılar dayana.
Ay can,
Afrika!
Aman, Afrika!
 
Qorilla çıxdı yandan,
Dedi о yan-bu yandan:
"Bax akula
Karakula
Ağzını açıb yaman.
Ac akula
Karakula
Ov gözləyir bayaqdan.
Yoxsa onun siz
Ağzına girmək istəyirsiniz".
 
"Qoy akula
Karakula
Yuxarı qalxsın.
Qoy akula
Karakula
Bir bizə baxsın.
Bil, akula
Karakula
Bizi görüncə,
Yumruqlarıq, təpiklərik
Onu ölüncə".
 
Qorxdu akula, batdı,
Suyun dibinə yatdı.
Sənə bu da azdır, az.
Ay akula - yaramaz!
 
Kimdir elə bataqlıqda yüyürən,
Gələ-gələ böyürən?
Begemotdur, begemotdur yüyürən,
Acığından böyürən,
 
Tanya,
Vanya gülə-gülə
Qıdıqladı bilə-bilə
Begemotun qarnını.
"Qarnına bax,
Burnuna bax,
Bir buna bax"
Begemot da dözmədi bu dəfə,
Qaçıb getdi piramida tərəfə.
Çox böyürdü,
Bağırdı,
Barmaleyi, Barmaleyi
Çağırdı:
"Barmaley,
Barmaley, Barmaley!
Tez gəl, ey,
Barmaley.
Burda var eybəcər uşaqlar,
Tez ol, ye, Barmaley, Barmaley".
 
İkinci hissə
 
Tanya-Vanya duruxdu,
Barmaleyi görüb qorxdu.
Odur gəzir
Afrikanı,
Səsi tutub dörd bir yanı:
 
"Qaniçənəm,
Zalımam,
Quldur
Barmaleyəm mən.
Acam, gərək yeyəm mən.
İstəmirəm
Nə marmelad,
Nə şokolad.
Bapbalaca
Lap balaca
Uşaqları
Verin, yeyim".
 
Dəhşətli gözlərindən od çıxır,
Dəhşətli dişlərini bərk sıxır,
Dəhşətli tonqal qurub, yandırır,
Dəhşətli sözlər deyib anqırır:
"Karabas! Karabas!
Qulaq as:
Gördünsə yemək,
Daha nə demək".
Uşaqlar qan-yaş tökür,
Ağlayır hönkür-hönkür
Barmaleyə yalvarırlar:
 
"Can Barmaley, rəhm et bizə,
And veririk canma.
Burax gedək evimizə,
Anamızın yanına.
 
Bir də, bir də qaçmarıq
Anamızın yanından.
Afrikaya, Afrikaya
Biz gəlmərik heç zaman.
 
Sevimli adamyeyən,
Dəymə, dəymə sən bizə,
Verək konfet, çay, qoğal,
Burax gedək evimizə".

 Adamyeyən güldü çox,
Dedi: yo-o-ox...
Birdən
Tanya dedi:
"Vanya,
Bir bax göyə, təyyarəyə.
Odur gələn, o-dur, o-dur
Aybolitdir, bizim doktor".
 
Əziz doktor
Aybolit Gördü
Tanya-Vanyanı.
Elə bil ki, verdilər
Ona bütün dünyanı.
Qucaqladı
Tanyanı,
Qucaqladı
Vanyanı,
O güldü
Barmaleyə
Bu sözü deyə-deyə:
"Ey əzizim
Barmaley,
Canım, gözüm
Barmaley.
Uşaqları aç, burax,
Sevinək, şadlıq quraq".
 
Zalım tutdu
Ayboliti,
Oda atdı
Ayboliti.
Aybolit çox çığırdı.
Səsi güclə çıxırdı:
 
"Aman, yandım,
ay yandım,
Yaman yandım,
Vay yandım!
"Bizim yazıq uşaqlar
Gör nə günə düşüblər.
Palma altında onlar
Qorxudan büzüşüblər.
Barmaleyə baxa-baxa,
Göz yaşları axa-axa
Qalıblar.
 
Üçüncü hissə
 
Odur,
Nilin dalından
Qorilla gəlir,
Qorilla gəlir,
Timsahı da gətirir.
Əziz doktor
Aybolit
Sevinir daha,
Deyir
Timsaha:
"Zəhmət olmasa,
Tutun
Barmaleyi,
Udun
Barmaleyi.
Qoy acgöz
Barmaley
Balaca uşaqlara dəyə bilməsin,
Balaca uşaqları yeyə bilməsin".
 
Timsah birdən
Geri döndü,
Gülümsündü,
Ayağını
Yerə döydü,
topp elədi.
Barmaleyi,
О zalımı
Milçək kimi
hopp elədi.
Uşaqlar sevindilər,
Oynayıb-gülüşdülər.
Tonqalın ətrafmda
Çox atılıb-düşdülər:
"Bizi sən,
Bizi sən
Xilas etdin
Ölümdən.
Dərdimizi bildin sən.
Nə yaxşı ki gəldin sən.
Ah,
Əziz Timsah,
Timsahın qarnı dardı,
Çox pis havası vardı.
Timsahın qarnında hey
Zarıyırdı
Barmaley:
"İncitmərəm heç kəsi,
Uşaqları sevərəm.
Lap kəsildi nəfəsim,
Öldürməyin, amandır,
Burda halım yamandır,
Heç kəsi incitmərəm,
Heç kəsə zülm etmərəm"
Barmaleyin halına
dözməyib daha
Yalvardılar uşaqlar
Timsaha:
"Pislikdən əl çəkirsə,
Göz yaşları tökürsə,
Tərgidirsə hər şeyi,
Bağışla
Barmaleyi.
Xahiş edirik ki, sən
Onu bizə verəsən,
Gedək
Leninqrada;
Aparaq biz onu da".
 
Timsah dartdı qaşını,
Tez tərpətdi başını.
Yekə ağzı açıldı.
Çıxdı ordan
Barmaley,
Şən, mehriban
Barmaley:
"Ay can, ay can,
Leninqrad!
Ay can, ay can,
Şadam, şad!"
Rəqs eləyir
Barmaley, Barmaley:
"Zalımlığı atdım, ey, atdim ey.
Bişirərəm mən hər şey, mən hər şey.
Uşaqlar da yeyər, hey, yeyər hey.
Bazar-bazar gəzərəm,
Gəzərəm, mən haylaram.
Pul almaram uşaqlardan,
Şirin qoğal paylaram,
 
Gətirib şəkərçörək
Deyərəm: yeyin görək.
Vanya üçün,
Tanya üçün
Məndə olar qoğallar:
Nanəcövhərli,
Ballı, şəkərli
Dadlı, ləzzətli.
Gəlin alın,
Razı qalın,
Bir qəpik də verməyin.
Çünki bilin:
Barmaley
Lap balaca uşaqları
Çox sevir.
Sevir, sevir, sevir
Bapbalaca uşaqları
Çox sevir".