Nağıllar, hekayələr

Üç müdrik məsləhət. Dargin xalq nağılı

Nə vaxtsa bir çar böyük şəhər salmaq fikrinə düşür. Bunun üçün o, əmr verir ki, onun ölkəsində olan bütün mahir bənna və xarratları toplasınlar. Onların arasında bir gənc bənna da vardı. Bu gənc toy gecəsinin ertəsi günü bura gəlmişdi.

 

Ustalar şəhəri on iki il inşa etdilər. İllər keçdi, işlər tamamlandı və ustaları evə buraxmağa başladılar. Onların uzun müddətli əməklərinə mükafat verildi. Hər bir inşaatçıya ya pul götürmək, ya da üç müdrik məsləhət almaq təklif olunurdu. Lakin ustalardan heç biri pulun yerinə müdrik məsləhət almaq istəmədi. Toyunun səhərisi tikintiyə gələn bənna isə bildirdi ki, o həmin üç məsləhəti eşitmək istəyir. Onda çar dedi:

- Birinci məsləhət budur: heç vaxt öz yükünü təsadüfən rastlaşdığın adamın atının üstünə qoyma! İkinci – heç vaxt arvadı qoca, əri cavan və ya arvadı cavan, əri qoca olan evdə qalma! Üçüncüsü – yadında saxla üçüncü barmağın dırnağına bax, səbirli ol! Hövsələli ol! Sözləri yazılıb, ona riayət elə! Bundan başqa çar həmin bənnaya arpa unundan bişirilmiş üç kömbə verdi və dedi ki, onları evə daxil olmamış bölməsin.


Budur, gənc o biri iki usta elə evlərinə yola düşdü.
İsti günorta çağı bir atlı onlara çatdı.
- Dostlar, - deyə o, ustaları səslədi, - Gəlin mən sizə kömək edim. Öz əşyalarınızı, yükünüzü atımın tərkinə qoyun.


Hər iki bənna öz yüklərini ata qoydular. Həmin atlı qamçını ata elə çəkdi ki, at bənnaların yükləri, pul və geyimləri ilə götürüldü.
İki usta aldandı, gənc bənna isə həmin atlıya heç nə vermədi.


Bənna fikirləşdi: «Çarın verdiyi birinci məsləhət karıma çatdı. Yoldaşlarımın hər şeyi əllərindən çıxdı, mənim yüküm isə salamat qaldı».


Axşam oldu və ustalar bir kəndə çatdılar. Qərara aldılar ki, bir evdə gecələsinlər. Gənc bənna görəndə ki, burada qadın cavandır, kişi isə qoca, o buradan çıxdı və başqa evdə gecələdi. Hamı yuxuya gedəndən sonra cavan qadın ərinin boğazını kəsib, qışqırmağa başladı ki, qonaqlar ərimi öldürüblər. Hiddətlənmiş kənd camaatı bura gələrək hər iki ustanı öldürdülər.


«İkinci məsləhət də mənə kömək elədi», - deyə bənna fikirləşdi və yoluna davam etdi.


Tale cavan oğlanı doğma evinə bayram ərəfəsində gətirib çıxartdı. Bənna addımlarını yavaşıtdı və evindən səs eşitdi. Evdən iki səs gəlirdi: qadın və kişi. O, elə bu dəmdə tüfəngini götürüb, pəncərəni nişan aldı. Bu vaxt o, üçüncü barmağın dırnağını gördü. Həmin barmaq tətikdə idi. Özünü saxladı, söhbətə diqqətlə qulaq asmağa başladı. Bənna bu sözləri eşitdi:
- Ana, atam nə vaxt qayıdacaq? – deyə gənc dilləndi.
- Tezliklə, oğlum, tezliklə, çar artıq ustaları evlərinə buraxır. Sənin atan da bu günlərdə qayıdacaq, - deyə bənnanın arvadının səsi eşidildi.
- Bu da mən! – deyərək bənna sevinclə qışqırdı və otağa daxil oldu. Arvadı onun boynuna sarıldı, onun ardınca oğlu atasını qucaqladı. Sevincdən sonra özünə gələn arvadı dedi:
- Axı sən yoldan gəlmisən, acsan. O, masaya yemək düzmək istədi, bənna qoymadı və dedi ki, çar mənə hədiyyə olaraq üç, kömbə verib.
- Bənna kömbəni böldü. Burdan beş yüz qızıl pul töküldü. O biri – ikinci və üçüncü kömbədə də o qədər qızıl pul vardı.