Mədəni irsimiz

Azərbaycanın ilk qadın Xalq Şairi - Mirvarid Dilbazi

Mirvarid Dilbazi XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir. O, 1912-ci il avqustun 19-da Qazax rayonunun Xanlıqlar (indiki Musaköy) kəndində anadan olmuşdur. 
 
Dilbazilər soyadı Nadir şahla bağlıdır. Mənası: “ürəkli adam”-deməkdir. XVI yüzilin sonlarında Səfəvi-Osmanlı müharibəsinədək Qazax bölgəsində yaşamış çoxsaylı nəsil şəcərəsi olan tayfadır. 
 
Mirvarid Dilbazi 1994-cü ildə çap olunmuş “Bənövşələr üstə göz yaşları” xatirələr kitabında yazırdı: “XVII, XVIII və XIX yüzilliklərin axırına qədər nəslimiz ziyalı mülkədar nəsli təmsil etmişdir...”
 
Məşhur Azərbaycan ədəbiyyatşünası Firudin bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” kitabında ana tərəfi Dilbazilər olan Kazım ağa Salik, Mustafa ağa Arif (Azərbaycan mühacirət ədəbiyyatının ilk nümayəndələrindən biri) haqqında məlumatlar qələmə almışdır ki, oların da nəsil şəcərəsi Dilbozlara gedib çatır.
 
Mirvarid xanım Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Samuel Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.
 
“Xatirələr olan yerdə”, “Həyat lövhələri”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Yasəmən fəsli”, “Dağ çiçəyi” və digər kitabların müəllifi olan şairə uşaqları çox sevirdi, onlar üçün “Nağıllar”, ”Şeirlər”, “Kiçik dostlarıma”, “Gülbahar”, “Bahar nəğmələri”, “Lalənin ağacları”, “Abşeron bağlarında” adlı kitablar yazmışdı.
 
Mirvarid Dilbaziyə 1979-cu ildə Azərbaycanda ilk qadın şair olaraq Xalq Şairi fəxri adı verilmişdi. 
 
Mirvarid Dilbazi həmişə ana Vətəni, ana təbiəti və doğma anasını kövrək hisslərlə tərənnüm etmişdir:
 
İlıq küləklər əsdi,
Yaz gəlməyə tələsdi,
Mənim ürəyim əsdi,
Anam yadıma düşdü...