Xəbərlər

Bu gün məktəblərdə “Son zəng” çalınır

Bu gün ümumtəhsil məktəblərində “Son zəng” tədbiri keçirilir.

 

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 113 min 815, XI siniflərini 80 min 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirir.

 

Paytaxtın ümumi təhsil müəssisələrində bu il IX sinif üzrə 28 min 993, XI sinif üzrə 19 min 786 nəfər məzun olub. 45 min 616 nəfər isə I sinfi başa vurur.

 

2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 164 min 234 uşağın qəbulu proqnozlaşdırılır. Onlardan 77 min 542-si qız, 86 min 692-si isə oğlandır.

 

Qeyd edək ki, təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, bu gün hər bir ümumi təhsil müəssisəsinin ərazisində “Son zəng” tədbiri təşkil olunub.

 

Əmrdə ölkəmizin ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri, məktəb məzunlarının iştirakı tövsiyə edilib.

 

Yerli təhsili idarəetmə qurumları, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən “Son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri işlərin görülməsi də əmrdə əks olunub.