Nağıllar, hekayələr

Valentina Oseyeva. Göy yarpaqlar

Aygülün iki yaşıl karandaşı var idi. Lətifədə isə heç bir dənə də yaşıl karandaş yox idi. Lətifə Aygüldən xahiş etdi:

 

– Yaşıl karandaşın birini mənə ver.

 

– Qoy anamdan icazə alım, sonra.

 

Səhər onlar məktəbdə görüşdülər. Lətifə soruşdu:

 

– Anan nə dedi?

 

Aygül dərindən ah çəkdi:

 

– Anam icazə verdi. Amma qorxuram ki, karandaşı sındırasan.

 

– Mən ehtiyatla işlədəcəyəm, – deyə Lətifə dilləndi.

 

– Bax ha, onu yonma, bərk basma, ağzına alma. Çoxlu rəngləmə.

 

– Mən təkcə yarpaqları və otları rəngləyəcəyəm.

 

– Bu, çox oldu, – deyə Aygül üz-gözünü turşutdu.

 

Lətifə ona baxdı və uzaqlaşdı. Karandaşı götürmədi. Aygül hiss etdi ki, rəfiqəsi ondan inciyib. Tez onun ardınca qaçdı.

 
– Götür də karandaşı! Sənə nə oldu?

 

– Lazım deyil, – deyə Lətifə cavab verdi.

 

Dərsdə müəllim soruşdu:

 

– Lətifə, sənin çəkdiyin şəkildə yarpaqlar niyə mavidir?

 

– Yaşıl karandaşım yox idi.

 

– Rəfiqəndən niyə xahiş etmədin?

 

Lətifə susdu. Aygül qızardı və dedi:

 

– Mən verirdim, özü götürmədi.

 

Müəllim dedi:

 

– Elə vermək lazımdır ki, götürsün.