Şeirlər

Mobil Quluzadə. "Ana məhəbbəti"

Büdrəyib ayağım yerə dəyəndə, 
Yapışıb qolumdan bala can — dedin. 
Dizinin üstündə mürgüləyəndə, 
Qara gözlərinə mən qurban dedin. 

 

Sənə qanad verib körpə həvəsi, 
Həmişə durmusan mənim yanımda. 
Üzümə dəyəndə isti nəfəsin, 
Bütün ağrılarım çıxıb canımdan. 

 

Yüz yol yelləmisən beşiyimi sən, 
Laylanı yuxuma qarışdırmısan. 
Gecələr çəkmisən keşiyimi sən, 
Məni öz dilində danışdırmısan. 

 

Məni qollarınla bağrına sıxıb, 
Vuranda vurmusan ana əliylə.

Sənin şirin dilin yadından çıxıb, 
Məni dindirmisən körpə diliylə. 

 

Əsla qoymamısan məni gözündən 
Sən layla deyəndə mən nə demişəm? 
Bu geniş dünyaya gəldiyim gündən 
Gördüyüm hər şeyə «inqə» demişəm. 

 

Duyub gözlərinin dərinliyini, 
Mən qulaq asmışam sənə hər axşam. 
Hiss edib dilinin şirinliyini, 
Öz uşaq dilimi yadırğamışam. 

 

Öz doğma dilini gətirib yada, 
Dünyada nə qədər insan olubdur. 
Bu dillər nə qədər çətin olsa da, 
Ana öyrədəndə asan olubdur.