Təbiət

Zolaqlı tenrek

Zolaqlı tenrek (Hemicentetes semispinosus) - Madaqaskarda yaşayır.  Tenrekler son dərəcə çeşidli heyvanlardır. Onların 24 növü qeydə alınmışdır və bəzi növləri siçanları və kirpiləri  xatırladır.


Tenreklərin dərisi  xırda iynələrlə örtülüdür. Bu yeganə məməlidir ki, əsas səs kimi cırıldamadan istifadə edir. Bu səs isə yalnız ilan və həşərat üçün xarakterikdir.
Zolaqlı tenrek kiçik ölçüdə olur. Bədəninin uzunluğu 15-18 santimetrə çatır və digər növlərdən fərqli olaraq, quyruğu çox qısadır, hətta demək olar ki, görsənmir. Bu "tikanlı" heyvan təxminən 150 qram ağırlığında olur.


Digər növlərdən fərqli olaraq, zolaqlı tenrekin bədəni parlaq və qeyri-adi bir rəngə malikdir. Tükləri tikanlarla birgə üç rəngə boyanıbdır – qara, sarı və ağ rəngə. Baş və döş nahiyələrində sarı çalarlar daha çoxdur.


Bütün tenrek növləri demək olar ki, Madaqaskar adasının sakinləridir, lakin Orta və Şərqi Afrikada yalnız bir neçə növü mövcuddur. Onlar nəmli və sıx meşələrdə yaşayırlar. Torpaqda yuva qurarlar. Qida rasionuna böcəklər, ağac qurdları və s. xırda həşəratlar daxildir.


Bu heyvanların başqa bir nadir xüsusiyyəti odur ki, istiqanlı heyvanlara aid olmasına baxmayaraq, ətraf mühitin temperaturundan asılı olaraq bədən temperaturu dəyişə bilir. Havanın istiliyi azaldıqca, onlar daha tez-tez hərəkət etməyə başlayırlar (bədənlərini hərəkət edərək isidirlər). Amma temperatur müəyyən dərəcədə çox düşərsə heyvanlar çuxurlarına girib qış yuxusuna gedərlər.


Çoxlu sayda bala dünyaya gətirərlər. Dişi tenrek bir dəfəyə 10 bala verə bilir (bəzi növlərdə bu rəqəm 25-ə yüksəlir). Ən yüksək doğum səviyyəsi dekabr-mart aylarında baş verir. Onlar tez bir zamanda müstəqil olurlar və bir neçə gün süd ilə bəsləndikdən sonra böyüklərin qidasına keçid edirlər. Ancaq dişi tenrek balaları ilə ayrılmağa tələsmir. Onlar çox tez böyüyürlər. Dişi tenrek cinsi yetkinliyə 5 həftəsində çatır.  2 -3 il ömür sürərlər.