Xəbərlər

Respublika fənn olimpiadalarının qalibi olan xaçmazlı məktəblilər mükafatlandırılıb

Respublika fənn olimpiadalarının qalibi olan xaçmazlı məktəblilər mükafatlandırılıb.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 20-də Xaçmaz Rayon Təhsil Şöbəsində keçirilən görüşdə medal qazanan 4 şagirdə qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olunub.

 

Respublika fənn olimpiadalarında Xaçmaz rayonunun Şəmsəddin Sədiyev adına Qımılqışlaq kənd tam orta məktəbinin şagirdi Ceyhun Əsədov dil-ədəbiyyat fənni üzrə birinci olaraq qızıl medala layiq görülüb. Arzu qəsəbə tam orta məktəbinin şagirdi Amil Mirişov tarix, Cavid Cəbiyev adına Nərəcan kənd tam orta məktəbinin şagirdi Hürü Məmmədova riyaziyyat, Əlvan Fətəliyevin adına Bayoba ümumi orta məktəbin şagirdi Əfsan Xasıyev isə coğrafiya fənni üzrə bürünc medal qazanıblar.

 

Tədbirdə çıxış edənlər Azərbaycanda təhsilə göstərilən diqqət və qayğıdan danışıblar. Bildirilib ki, Prezident İlham Əliyev təhsilin infrastrukturunun yaxşılaşdırılması, yeni təhsil müəssisələrinin tikintisi və müəllimlərin əməkhaqqının artırılması ilə bağlı sərəncamlar imzalayıb.

 

2018-2019-cu tədris ilində fənn olimpiadalarına 30 mindən çox şagird qatılıb. Olimpiadanın nəticələrinə görə, 49 nəfər qızıl, 94 nəfər gümüş, 156 nəfər bürünc olmaqla, ümumilikdə 299 nəfər qalib elan edilib.

 

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkarlanması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

 

Sonra görüşdə respublika fənn olimpiadalarının qalibləri çıxış edərək nailliyyətlərinə görə müəllimlərinə və valideynlərinə minnətdarlıqlarını bildirib, daha böyük uğurlar üçün çalışacaqlarına söz veriblər.