Nağıllar, hekayələr

Ruminin məsləhəti

Böyük şair və alim Mövlana Cəlaləddin Rumi Şərq dünyasının ən məşhur müdrik şəxsiyyətlərindən biri olmuşdur. Hamı ona hörmət edər, faydalı məsləhətlərindən xeyir tapardı.

Bir gün qonşu qadın öz oğlu ilə Ruminin yanına gəlib dedi:

– Şair, mənim oğlum həddən artıq şəkər yeyir. Nə qədər deyirəm, xeyri olmur. Xahiş edirəm, siz də ona deyin ki, çox şəkər yemək ziyandır. Siz desəniz, qulaq asar. Sizə böyük hörməti var.

Mövlana bir qadına baxdı, bir uşağa. Başını aşağı salıb dedi:

– Gedin, üç həftədən sonra gələrsiniz.

Qadın Ruminin bu sözlərinə xeyli təəccübləndi, bir az da incidi. Axı bir kəlmə demək nə böyük işdir ki... Uzaq ölkələrdən gələn qərib adamların problemlərini yerindəcə həll edib yola salır, yaxın qonşusunu isə üç həftə gözlədir. Amma qadın böyük alimin sözünə qulaq asıb üç həftədən sonra bir də onun yanına gəldi. Rumi yenə də uşağın üzünə baxıb sakitcə dedi:


– Üç həftə də gözləyin. Bu yerdə qadın dözmədi:

– Şair, axı sizdən böyük şey tələb olunmur...

– Gedin, gedin. Mən hələ məsləhət verməyə hazır deyiləm. Qonşu qadın üçüncü dəfə oğlu ilə Ruminin yanına gələn də şair üzünü uşağa tutub dedi:

– Oğlum, məsləhətimə qulaq as, çox şəkər yemə. Bunun sağlamlığa ziyanı var. Uşaq cavabında dedi:

– Baş üstə, müəllim. Belə məsləhət bilirsinizsə, daha yemərəm. Bunu deyib uşaq otaqdan çıxdı. Qadın Mövlanaya təşəkkür edib soruşdu:


– Siz Allah, deyin görüm, iki kəlməyə görə nə üçün bizi bu qədər gözlətdiniz?

Rumi gülümsünüb dedi:

– Xanım, mən də uşaqlıqdan şəkərə aludəydim. Uşağa məsləhət vermək üçün mən özüm gərək bu vərdişdən əl çəkəydim.