Xəbərlər

Voleybol və basketbol idman növləri üzrə məktəblilər arasında respublika birinciliyi başa çatıb

Bakı, 24 may, AZƏRTAC
 
Voleybol və basketbol idman növləri üzrə məktəblilər arasında respublika birinciliyi başa çatıb.
 
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Məktəb İdmanları Federasiyasının dəstəyi, ”Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə məktəb, rayon (şəhər), zona və final mərhələləri üzrə keçirilən birinciliyə respublikanın 3.600-dək ümumtəhsil məktəbindən 40 mindən çox məktəbli qatılıb.
 
Bakı şəhəri 20 nömrəli məktəb-liseyin idman zalında təşkil olunan final yarışlarında basketbol idman növü üzrə birinci yeri Bakı şəhəri 269 nömrəli, ikinci yeri Bakı şəhəri 260 nömrəli, üçüncü yeri Cəlilabad rayonu 8 nömrəli, voleybol idman növü üzrə birinci yeri Balakən rayonu Sarıbulaq kənd, ikinci yeri Bakı şəhəri 89 nömrəli, üçüncü yeri Şəki şəhəri 10 nömrəli tam orta məktəblərin komandaları tutub.
 
Qaliblər kubok və diplomla mükafatlandırılıblar.
 
Respublika birinciliyinin əsasnaməsinə uyğun olaraq, birinci yeri tutan komandaların Azərbaycan Məktəb İdmanları Federasiyasının dəstəyi ilə məktəblilər arasında keçiriləcək beynəlxalq yarışlarda iştirakı nəzərdə tutulur.
 
Yarışın keçirilməsinin əsas məqsədi voleybol və basketbol idman növlərinin məktəblilər arasında təbliği, təhsil müəssisələri  arasında dostluq əlaqələrinin yaradılması, qeyd olunan idman növləri üzrə keçiriləcək beynəlxalq yarışlarda iştirak edəcək komandaların müəyyənləşdirilməsidir.