Təbiət

Ölməyən yeganə canlı: "Turritopsis Nutricula" meduzası

Yaxın zamanda kəşf edilən bir canlı ölümsüzlüyün qismən də olsa var olduğunu hiss etdirdi. 5 millimetr diametrində olan bu canlı müəyyən istisnalar xaricində sonsuza qədər yaşaya bilir. Turritopsis Nutricula adlı meduza dünyada “ölümsüz olan tək canlı” sayılır. Bu canlı heç yaşlanmır.
Bu canlı 4-5 mm ölçüdə olmaqla dənizlərdə yaşayır və onun inkişafı digər meduzalarda olduğu kimi iki əsas mərhələdən ibarətdir:

 

  1. Polip mərhələsi

 

  2. Meduza mərhələsi.

 


Turritopsis Nutricula həyatının ilkin polip mərhələsini bitkiyə bənzər şəkildə suyun dibində bir yerə “kök salaraq” hərəkətsiz halda keçirir. Daha sonra inkişaf edərək həyatının ikinci mərhələsinə daxil olur. İkinci mərhələdə bu canlı artıq bir bitkiyə yox, meduzaya bənzəyir. Meduza mərhələsində çətirə oxşar formaya sahib olur, istədiyi kimi hərəkət edə bilir və cütləşərək çoxalır.

 


Digər meduzalar adətən ikinci mərhələdən sonra yaşlanaraq ölürlər. Lakin Turritopsis Nutricula digər meduza növlərindən fərqli olaraq yaşlanaraq ölmür. Çünki bu qeyri-adi su canlısı özünü yeniləmə yaxud əvvəlki halına dönmə qabiliyyətinə sahibdir. Beləliklə, Turritopsis Nutricula yetkinlik (meduza) mərhələsinə çatdıqdan sonra yaşlanaraq ölmək əvəzinə ilkin polip mərhələsinə geri dönür və bir müddət sonra əlverişli vəziyyət yaranan kimi yenidən meduza mərhələsinə girir, daha sonra təzədən polip mərhələsinə qayıdır və s. Bu proses beləcə davam edir və canlının yaşlanaraq ölməsinin qarşısı alınır.

 

 
Lakin bütün digər canlılar kimi həmin meduzanın da yaşadığı təbii ortamda onun ölümünə səbəb olacaq müxtəlif təhlükələr var. Kənar müdaxilələr olarsa, bu canlı özünü ölümə qarşı qoruya bilmir. Məs, Turritopsis Nutricula xəstələnərsə, sinir sistemi zədələnərsə, yandırılarsa, başqa canlı növləri tərəfindən əzilərək yaxud ovlanaraq asanlıqla öldürülə bilər. Deməli, Turritopsis Nutricula yaşlanaraq ölməsə belə yaşadığı ətraf mühit şəraitində məruz qala biləcəyi digər müxtəlif potensial təhlükə və səbəblərdən məhv ola bilər.