Xəbərlər

Yaponiyada Qızlar bayramı - Hina matsuri qeyd olunur

Tokio, 3 mart, AZƏRTAC.
 
Martın 3-də Yaponiyada Qızlar bayramı qeyd edilir. Bu bayramı yaponlar nəvazişlə Hina matsuri (Hina oyuncaqlarının bayramı) və ya Momo-no Sekku (əriyin çiçəkləməsi bayramı) adlandırırlar.  Bu bayramın əsasında bir neçə müxtəlif ənənə dayanır. Onlardan birinə görə, Heyan dövründə (794-1185-ci illər) zadəgan ailələri cadugərləri evlərinə dəvət edərək müxtəlif ayinlər icra edərmişlər. Bu ayinlər zamanı guya bütün bədbəxtliklər kağızdan düzəldilmiş oyuncaqlara keçirmiş. Həmin oyuncaqları isə çaya və ya dənizə axıdırmışlar. Bu oyuncaqlar “naqasi-buma” - çayla axıdılan oyuncaqlar adlanırmış.
 
Əvvəllər yalnız zadəganların və məşhur döyüşçülərin evlərində təşkil edilən həmin ayin tezliklə sadə camaat arasında da geniş yayılmış, XVIII əsrdə milli bayrama çevrilmişdir. Həmin vaxtdan evlərdə, xüsusən qızların yaşadığı mənzillərdə zəngin geyimli oyuncaqların guşəsinin yaradılmasına başlanılmışdır.
 
Bu ənənə müasir dövrümüzdə də yaşamaqdadır. Lakin indi həmin oyuncaqlar kağızdan deyil, saxsıdan və ipəkdən düzəldilmiş əsl incəsənət nümunələrinə çevriliblər. Hina oyuncaqlarından hər gün zövq almaq olmaz, adətən onları bayram dövründə evin əsas otağında rəfə - hinadana düzürlər. Ailədə qız uşağı dünyaya gəldikdə valideynlər yeni oyuncaq dəsti alırlar. Bu dəst sonradan yaxınların bağışladığı oyuncaqlarla daha da zənginləşir.
 
Martın 3-də təşkil edilmiş oyuncaqlar guşəsi isə adətən bir aya qədər saxlanır. Oyuncaqların düzüldüyü otaq xüsusi bəzədilir. Burada tavandan süni çiçəklər, müxtəlif bəzək əşyaları asılır. Həmin gün əsl xanımlar kimi rəngarəng kimano geymiş qızlar biri-birinə qonaq gedərək şirniyyatdan və oyuncaqlardan zövq alırlar. Beləliklə, oyun şəklində qızlara əsl xanım vərdişləri – qiymətli əşyalara diqqətli münasibət, istəklərin idarə edilməsi və şıltaqlığa yol verilməməsi kimi xarakterik xüsusiyyətlər aşılanır. Hina maçuri ənənələrində rəngarəng oyunlar, dünyanın şairanə qəbulu və ənənəvi tərbiyə ideal şəkildə birləşib.
 
Bayrama ikinci ad verən ərik çiçəkləri isə Yaponiyada qadın incəliyinin, mehribanlığın və zərifliyin rəmzi kimi təqdim edilir ki, bu xüsusiyyətlər də qadınların gələcək ailə həyatında xüsusi əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, Yaponiyada nikahların əksəriyyəti məhz Hina matsuri dövründə bağlanır.
 
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri