Xəbərlər

Azərbaycanın Dövlət Bayrağı Günü uşaqların gözü ilə

Bakı, 7 noyabr (AZƏRTAC). Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür*. Təhsil müəssisələrinin əksəriyyətində bu əlamətdar gün münasibətilə tədbirlər keçirilir. İltifat Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyinin və 291 saylı "Araz" Ekoloji liseyinin aşağı sinif şagirdləri də bu tarixi qeyd ediblər. Uşaqlar bu bayrama yaradıcı yanaşıblar. Onlar vətənpərvərlik və dövlət bayrağı mövzusunda şəkillər çəkib, applikasiyalar və kompozisiyalar hazırlayıblar. Bəzi şagirdlər tapşırığı özləri yerinə yetiriblər, digərlərinə isə valideynləri, böyük bacı və qardaşları kömək ediblər. 
 
*Azərbaycanın Dövlət bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə milli bayraq kimi qəbul edilmiş və 1920-ci ilin aprelinə qədər dövlət rəmzi kimi istifadə olunmuşdur. Dağlıq Qarabağ ətrafında cərəyan edən ictimai-siyasi proseslər zamanı ziyalıların təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qeyri-rəsmi olaraq 1988-ci il noyabrın 17-də Bakıda indiki Azadlıq meydanında qaldırılmışdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur. 1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını qəbul etmişdir.